Nuh peyğəmbər
Nağıllar. Nuh peyğəmbər Müəllif: Şifahi xalq ədəbiyyatı |
Deyilənə görə Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək dünyanın
üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək qərarına gəldi.
Günbatanda bir meşə var idi. Gün arxasına keçəndə kölgəsi günçıxanı
tuturdu. Ağacların gövdəsinə qırx arşın ip-kəndir çatmazdı.
Meşədə Ac adlı bir pəhləvan yaşayırdı. Biləyində öküz zoru var
idi. İş-peşəsi el-obanın ilxısına, naxırına zərər vurmağıydı. Hər
öynədə bir öküz yeyir, üstündən üç tuluq su içib doymurdu.
Nuh Nəbi pəhləvanı yanına çağırdı.
– Sənə doyunca yemək verərəm, – dedi. – Günbatandakı meşədən bir xeyli ağac kəs.
– Kişi, sən məni necə doyduracaqsan? Bilirsən ki, mən nə qədər yesəm də, elə acam.
Nuh Nəbi dedi:
– Səbir edib, mən deyənə əməl etsən, mən deyən də olar. Ac razılaşdı.
Nuh onun gücünə görə də balta düzəltdirdi. Pəhləvan baltanı götürüb ac qurd kimi meşəyə girişdi. On gün bəs deyincə kəsib tökdü. Nuh pəhləvana bir öküz kəsdi. Ətini qızardıb qabağına qoydular. Pəhləvan öküzün bir budunu yedi, üstündən də bir tuluq su içib geri çəkildi. Doymağına heyrət etdi. Nuh Nəbi dedi:
– Pəhləvan, bu, halal zəhmətin qazancıdır. Onun üçün də doydun. Haram yemək səni doyurmaz.
Pəhləvan o gündən əvvəlki peşəsindən daşındı. Nuh Nəbi sənətkarlıqda mahir olan yeddi nəfər usta çağırdı. Əvvəldən gəminin xərcini verib, razı saldı. Ustalar işə başladı. Bir aydan sonra gəmi hazır oldu.
Bir gün Nuhun arvadı sırfa açıb, xəmir yoğururdu. Durub təndirə od salmaq istədi. Duvağı qaldıranda quruyub qaldı. Təndir yarıya kimi suyla dolmuşdu. Arvad gedib əhvalatı ərinə söylədi. Nuh dedi:
– Get, sırfa-xəmiri yığışdır. Tez ol, dünyanın üzünü su alacaq. Yol tədarükündə ol. Üç aylıq azuqə götür.
Arvad tədarük gördü. Azuqəni gəmiyə yığdılar. Nuh öz ailəsini, əlavə də hər heyvandan, quşdan bir cüt götürüb gəmiyə mindi. Oğlanlarından biri Nuhu eşitmədi. Dedi:
– Mən uca dağın başına çıxacam.
Nuh gəmidən yenib düşdü oğlunun dalına. Gördü, oğlu ona itaət eləmir. Qayıtdı mindi gəmiyə. Qırx gün, qırx gecə yağış yağdı. Bir yağış ki, tut ucundan çıx göyə. Su qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı-sonu görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa, tələf oldu. Gəmi Məğribdən Məşriğə üz qoydu. Günlər, həftələr dolandı. Gəmi bir gün nəyəsə toxunub keçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi bildi ki, gəmi dağa toxundu.
– Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın. Odu-budu, dağın adı “Ağrıdağ” qaldı. Başından da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə:
– Bu da inan dağdı, – dedi.
Bu dağın da adı “İnandağ” oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı. Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən soruşdu:
– Bu dağ o dağdan kəm ki deyil?!
Dağın adına “Kəmki” dedilər. Gəmi burdan aralandı. Tufan da yavaşıdı.
Bir gün bir siçan gəmini deşdi. Su gəmiyə dolmağa başladı. Nuh Nəbi gördü ki, gəmi qərq olacaq. Üz tutdu gəmidəkilərə ki, kimin imkanı var əlac eləsin.
İlan dedi:
– Mən eləsəm, nə verərsən?
Nuh Nəbi dedi:
– Nə istəyirsən? Dedi:
– Dünyada şirin nədirsə onu.
Nuh Nəbi razı oldu.
İlan quyruğuyla deşiyi tutdu. Qıvrılıb yatdı. Gəmi bir dağa yan alıb ehmalca qayaya toxundu. Nuh buna “Gəmiqaya” adı verdi. Gəmidəkilər quruya çıxdılar. Tufandan sonra bir gün Nuh Mozalana dedi:
– Get, fırlan, gör dünyada şirin şey nədir?
Mozalan havaya qalxdı. Hər otun, çiçəyin, canlının üstünə qondu. Hər şeydən daddı. Şirin olan bir şey tapmadı. Fikirləşdi ki, dünyada dadmadığı daha nə qaldı. Yadına düşdü ki, bir insan ətindən dadmayıb.
Mozalan bir dağa uçdu. Şirin yatmış bir ovçu gördü. Onun ovcunun içinə yapışıb, ətindən daddı. Gördü ki, şirindi. Geri qayıtdı. Qaranquşa dedilər ki, get gör Mozalan niyə gecikdi. Qaranquş Mozalan gedən tərəfə uçdu. Yolda rastlaşdılar. Qaranquş soruşdu:
– Dünyada nə şirindi?
Mozalan dedi:
– İnsan əti.
Qaranquş fikirləşdi ki, bu ixtiyar ilana verilsə, dünyada insan qalmaz. İstədi Mozalanı dilə tutsun ki, bu sirri açma. Amma fikrindən daşındı. Dedi ki, birdən bunun faydası olmaz. Odur ki, hiylə işlətdi. Dedi:
– Gətir dilini dadım, görüm şirindi? Şirin olmasa ilan səni çalar.
Qaranquş Mozalanı aldatdı. Mozalan dilini ona uzatdı. Qaranquş onun dilini çəkib kökündən qopartdı, qabaqda qaçdı. Gəlib dedi ki, Mozalan gəlir.
Mozalan gəlib Nuhun qabağında yerə düşdü. Başladı fırlanıb vızıldamağa. Heç nə anlamadılar. Dedilər: “Yorulub, ya da dilin şəkər tutub”.
Nuh Nəbi qaranquşdan soruşdu:
– Yolda sən görəndə dili var idi?
Qaranquş cavab verdi:
– Var idi. Dedi ki, dünyada torpaq şirindi.
Nuh Nəbi ilana dedi:
– Torpağı verdim sənə.
İlan qaranquşun hiyləsini duydu. Atılıb onu tutmaq istədi. Qaranquş uçanda quyruğu keçdi ağzına. Lələyinin ikisini çəkib qopartdı. O vaxtdan qaranquş haçaquyruq qaldı, xeyir xəbər müjdəçisi oldu. Mozalan lal olduğundan vızıldamağa başladı. İlan da torpaqda yaşadı. Rəvayətə görə Nuh Nəbi də oğlanlarıyla Naxçıvanda məskən saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada qaldı.