O görükən dağlar sizin dağlardı

Vikimənbə saytından
O görükən dağlar sizin dağlardı
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Başına döndüyüm, a Nərgiz xanım,
O görükən dağlar sizin dağlardı.
Fikirim, xəyalım, elmim, gümanım,
O görükən dağlar sizin dağlardı.

Atuçan, Daşlıçay, Çiçəkli, Lilpar,
Qoy deyim yerbəyer, dinarbədinar.
Yanında görünən künbəzli minar,
O görükən dağlar sizin dağlardı.

Gəzib o yerləri, Musadır halı,
Sədrinin yaylağı, Əyrinin yolu.
Çimən tamaşalı Düşəlgə gölü,
O görükən dağlar sizin dağlardı.