Obası Çiçəkli, eli Göyçədi

Vikimənbə saytından
Obası Çiçəkli, eli Göyçədi (XVII əsr)
Müəllif: Dərdli Nəsib
Mənbə: Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild, Bakı, "Səda", 2006. səh.120-121.

Səkə-səkə suda üzən sonalar,
Sorax verin, nazlı sonam necədi?
Dayan durna, qatarına pəl düşər,
Mənin durnam durnalarda öncədi,
Obası Çiçəkli, eli Göyçədi.

Nazik bədənində coşğun halı var,
Büllur buxağında həbəş xalı var.
Mahalı götürən qeylü-qalı var,
Təzə-tərdi, şirincədi, incədi.
Obası Çiçəkli, eli Göyçədi.

Merac işığına bənzər camalı,
Daş-qayalar camalından kam alı.
O qumroy gülüşlü, mələk simalı,
Tumurcuxdu, düyməçədi, qonçədi.
Obası Çiçəkli, eli Göyçədi.

Onsuz solub çəmən, gül həşəm-həşəm,
Ədası möhtəşəm, ərki möhtəşəm.
Dərdindən dərbədər, dərdəcər düşən,
Dərdli Nəsib yalqız qalıf təkcədi.
Obası Çiçəkli, eli Göyçədi!