Olmur, olmasın! ("Ata: Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!"
Görünüş
| Olmur, olmasın! ("Ata: Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!" Müəllif: Mirzə Ələkbər Sabir |
| Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 155. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
A t a
Kuçədə tullan, ey oğul, sən’ətin olmur, olmasın!
Sən’ətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın!
О ğ u l
Kəsbinə getməyə, ata, fürsətin olmur, olmasın!
Gündə bir arvad al, boşa, qeyrətin olmur, olmasın!
A t a
Axşam olanda çıx çölə, gəlmə səbahə tək hələ,
Neyləsən eylə1, bir belə ismətin olmur, olmasın!
İffətin olmur, olmasın!
О ğ u l
Axşam olanda yax həna, düz zəvəcatı yan-yana,
Girdin о dəm ki, yorğana, halətin olmur, olmasın!
Qüdrətin olmur, olmasın!
A t a
Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,
Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!
Himmətin olmur, olmasın!
О ğ u l
Saqqalı bağlı hər səhər, isti həmamə qıl güzər,
Qorxma, azarlasan əgər, səhhətin olmur, olmasın!
Behcətin olmur, olmasın!