Olum

Vikimənbə saytından
Olum
Müəllif: Aşıq Valeh

Ay ana, bu cüt sonanın
Hansına qurban mən olum?
Süzgün baxıb can alanın
Hansına qurban mən olum?

Könül bağladım bir ada,
Dərd tapdım həddən ziyada,
Hər ikisi mələkzada,
Hansına qurban mən olum?

Cüt baxışlı, nazlı xanım,
Xoş avazlı mehribanım,
Valeh deyər: var bir canım,
Hansına qurban mən olum?