Məzmuna keç

Oxu

Vikimənbə saytından
Oxu (1936)
Müəllif: Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi.
Gülləri qoxlayan bir rüzgar kimi,
Qumları oxşayan dalğalar kimi,
Titrəyən, çağlayan nəğmən olaydım,
Ürəyindən qopan səs mən olaydım,
Oxu! Qüvvət gəlsin şeirə, sənətə,
Könlümün quşunu gətir heyrətə!
Nə qədər bənzəyir, vardım fərqinə,
Ömrümün ahəngi sənin şərqinə.
Ürək kövrəkləşir sən oxuyanda,
Sən də dinləsəydin mən oxuyanda!
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə!

1936