Pərvərdigar

Vikimənbə saytından
Pərvərdigar
Müəllif: Növrəs İman
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Xəlq eyləyib, nitq verib
İnsanı pərvərdigar;
Göstəribdi doğru yolu,
Ərkanı pərvərdigar.
Hər nə tutsan dəftərinda
Cəm olunur, bil, yəqin;
Çəkəçəkdi həm səvabı,
Üsyanı pərvərdigar.

Neçə ki bu dünyamız var,
O dünya da həqqdir;
Cənnət var, cəhənnəm var,
Bilmək olmaz, kim gedir.
Hər kimsə ki yoldan azıb,
Din-islamı tərk edir;
Əməlinə baxıb, verər
Fərmanı pərvərdigar.

Nütfəsindən nöqsan olan
Haçan haqdan ar elər?
Öz-özünə böhtan deyib
Danışmağı xoş bilər.
Cəsəd gedər dar məzara,
Əməl əldə cəm gələr;
Özün saxla pənahında
İmanı, pərvərdigar!