Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir

Vikimənbə saytından
Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir
Müəllif: Məhəmməd Füzuli


Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir,
Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir.

Əgər əzmi-rəh etsəm, şövqi-vəslin hadiyi-rahim,
Vəgər aram həm tutsam, xəyalın həmnişinimdir.

Həvayi-rövzeyi-kuyin, bahari-gülşənn-canım,
Nihali-qamətin sərvim, üzarın yasəminimdir.

Yəqinimdir ki, məqsudum olur hasil, sənə yetsəm,
Bihəmdillah, mənə səndən yana rəhbər yəqinimdir.

Tələbkari-vüsaləm, müjdeyi-vəslin diriğ etmə,
Kim ol müjdə fərəhbəxşi-dili-ənduhginimdir.

Çıxardı zövqi-vəslin xatirimdən rövzə pərvasın,
Sözün Kövsər, münəvvər məclisin xüldi-bərinimdir.

Mənə üz göstərər hər ləhzə yüz min şahidi-dövlət,
Çü mirati-rüxün mənzuri-çeşmi-pakbinimdir.

Səriri-səltənət zövqindən əfzundur mənə ol söz
Ki, lütf ilən demişsən: bir qulami-kəmtərinimdir.

Bəri oldum, Füzuli, qeyrdən ol dilrüba ancaq,
Ənisim, munisim, yarım, nigarım, nazəninimdir.