Qılmısan

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
'
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Eşitmişəm bir neçə əhvalmı,
Bir özgəyə əhdü-vəfa qılmısan.
Tərk eləyib yari-vəfadarını,
Rəqib ilə zövqü-səfa qılmısan.

Ayrılalı sənin kimi dildardan,
Yarına heç fərq qoymadm əğyardan,
Canım alıb bu cəsədi-bimardan,
Hər yetənə xeyrü-dua qılmısan.

Zənn elədim bu dostluğun binası,
Tərk olmayıb, kəsilməyə arası,
Ta olasan dərdli könül davası,
Yoxsa gedib qeyrə dəva qılmısan.

Heç yox imiş səndə vəfa, dəyanət,
Belə olmaz dost işinə ləyaqət,
Tərk eləmək min fəqiri nə hacət?
Məlum ki, bir özgə hava qılmısan.

Dedigincə beyətiniz var imiş,
Mətləbiniz bir özgə dildar imiş.
Kərim sənə rəqibü-əğyar imiş,
Axır məni belə cida qılmısan.