Qırat, gəl
Qırat, gəl Müəllif: Koroğlu |
Mənbə: Məhərrəm Qasımlı, Qara Namazov, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Dəmir libas, polad geyib gəlmişəm,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Əzəldən biləydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Neçə vaxtdı məni qoydun piyada,
Müxənnətlər yaxşı yetdi murada,
Günbəgündən dərdim oldu ziyada,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Qabaqda qalırmı arpan səhərə,
Üzəngilər nə yaraşır yəhərə,
Dəlilər salmışdı məni qəhərə,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Mənim atım atım-atım atılar,
Qulaqları qarğı kimi çatılar,
Ucuzluqda min tümənə satılar,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Koroğlu der, paşa bilməz halını,
Əşrəfidən kəsdirəcəm nalını,
Üç gözələ toxudacam çulunu,
Alma gözlü, qız birçəkli, Qırat, gəl!
Mənbə
[redaktə]- Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.