Qıza dönmüş cin

Vikimənbə saytından
Rəvayətlər. Qıza dönmüş cin
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi töyləyə gedir kin, mal-qaranın axşam alafını versin. Görüp kin, töylədə bir gözəl qız var. Tutub əlindən öyinə gətirir, özünə arvad eliyir. Sən demə bu, cin nəslinnən iymiş. Aradan xeylax keçir, oların iki uşağı olur. Gənə gəlir kin, həmin kişinin anası ölür. Ölən vaxt töylədən tapılan arvad hoppanıb yük üstə qalxır, şaqqanaq çəkib gülür. Kişi camaatdan utanır, həm də arından bir söz dəyəmmir. Camaat dağılandan sonra kişi cumur arvadın üstünə kin, o nəydi başıma gətirdin? Arvad deyir kin, gəl daşı tök ətəyindən bu sirri soruşma. Yazıxsan, iki uşağın var, sonra peşman olarsan. Kişi əl çəkmir kin, əl çəkmir. Kişi nə biləydi kin, arvad cin nəslindənmiş. Axırda arvad görür kin, kişi əl çəkmir, açıb sirri deyir:

– Ay kişi, mən cinəm. Yük üstə ona görə çıxdım kin, Əzrayıl arvadın boğazına xəncər çəkəndə qan evi bürüdü. Qana bulaşmayım deyin yük üstə çıxdım, bunu siz görə bilməzdiniz, amma mən görürdüm. Ona görə güldüm ki, ananı basdırmağa aparanda onun dalınca bir tay çarıx gedirdi, bir də süpürgə. Çünki anan heç kimə yaxşılıq eləməyib. Yaxşılıq edib verdiyi bir tay çarıq idi, bir də bir süpürgə. O da dalına düşüb gedirdi. Bunu da siz görmədiniz. Ancaq mən gördüyümdən gülməyimi saxlaya bilmədim.

Arvad sözünü deyən kimi yox oldu. Kişinin də bir əli oldu, bir başı. Çünki arvad öydə olanda hər şey də bol idi, yox yerdən hər şey olurdu. Kişi düşüb hər yanı axtardı, amma arvadı tapa bilmədi.

Mənbə[redaktə]