Məzmuna keç

Qələm nə söyləyir?

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qələm nə söyləyir?
Müəllif: Məhəmməd Hadi

Eşit, millət, qələmdən bir hekayət,
Cidalıqdan qılır çox-çox şikayət.
Oxur lə'nət şiqaqü iftiraqə,
Edir nifrin ərbabi-nifaqə.
Gəlin tövhidə, ey millət, amandır,
Nifaq isə böyük bir xəsmi-candır.
Olaq hər bir xeyirli işdə sai,
Tərəqqiyçin qılaq sərfi-mesai.
Edib qeyrət açaq ali məkatib,
Edək bu yolda ehrazi-məratib.
Mükəmməl mədrəsə, şanlı vəsail
Qılıb tə'sis edək kəsbi-fəzail.
Mənafebəxş əsbabi-təali,
Olur bunlarla qədri-millət ali.
Mükəmməl məktəbə hər kəssə malik,
Səadət rahinə olmuş o salik.
Bu iş vabəstədir həp ittihadə,
Deyil vabəstə əğrazü inadə.
Olur tövhid ilə hər müşkül asan,
Bulur vəhdətlə rövnəq baği-imkan.
Açılmışdır səbahi-elmü hikmət,
Usan, bəsdir, yetər xabi-kəsalət!
Açın bir çeşm, ey zülmətpəsəndan!
Məgər bir zərrə yoxdur sizdə iz'an?
Doğubdur afitabi-sübhi-vəhdət,
Cahanə nəşr edir feyzi-hidayət
Usanınz! Tabəkey bu lə'bbazi?
Səmərbəxşa deyil elmi-məcazi.
Nəticə verməz əşkalın əqimdir,
Səhih zənn etmə, bürhanın səqimdir.
Fəqih oldun, hanı irşadın, ustad?
Həkim oldun, nə alat etdin icad?
Kimə bəxş eylədin bir həbbə irfan,
Acıqlanma, əlində varmı bürhan?
Nə səmtə milləti irşad qıldın?
Bölüb min parçaya bərbad qıldın.
Hərənin var əlində bir "atistad",
Əlindən bunların min dadü fəryad!
Bunlar qüttai-mə'nəvidir,
Bütün amali-nəfsin peyrəvidir.
Əfəndim, bəs deyilmi xabi-qəflət?
Əcanibdən alın bir dərsi-ibrət.
Eşitmirsizmi əhrarın sədasın?
Nidayi-dilrubayi-xoşədasın?
Səbahi-intibahü mə'rifətdir,
Ayılmaq, millət, eyni-məsləhətdir.
Gərək kəsb eyləyək elmi-lədünni,
Bizə lazım deyil elmi-tədənni.
Gərəkdir əldə olsun toxmü dane,
Saçılsın toxmi-dane toxmdanə.
Bədən elmilə təhsil et hübubat,
Əkingahi-cəhanə sonra toxm at.
Gər əldə olmaz isə toxmü dane,
Nə saçmaqlıq dilərsin toxmdanə?
Toxumsuz, danəsiz bitməz sənabil,
Vəsailsiz deyil qabil fəzail.
Çalış dərdəst et əsbabü vəsail,
Səbəblə şəxs olur amalə nail.
Tənakühsüz olarmı ya tənasül,
Maarifsiz nə mümkündür təkamül?
Məkatib olmasa olmaz maarif,
Maarif görməyən kəs olmaz arif.
Maarifsiz deyil mümkün məişət,
Səfalətlə yaşar əhli-cəhalət.
Olub yekdil, qılaq bəzli-həmiyyət,
Bu yolda göstərək hər dürlü qeyrət.
Cahanı titrədər tövhidi-millət,
Qoparmazmı dağı olduqda himmət?
Yaşa, ey ittifaqi-millətəfruz!
Yerə bat, ey nifaqi-xanimansuz!
Nə sünni-şiə var Quranımızda,
Üxüvvət ləfzi var fürqanımızda.
Təsadüm eylədikcə əqlü fikrət,
Təzahür eylər ənvari-həqiqət.
Olanda cift arayü xəyalat,
Doğar bunlardan övladi-kəmalat.
Edib təşkil ali əncümənlər,
Qonulsun saheyi-zikrə müxənlər.
Rücu etmək gərək əqli-səlimə,
Olaq ləbbeykzən fikri-həkimə.
Edək hər bir sözü təslimi-vicdan,
Məsalehmiz deyilmi, böylə ixvan!
Kənarə taşlayaq fikri-səqimi,
Edək dərpiş rahi-müstəqimi.
Əmanət namı vermiş əqlə mövla,
Buna bürhandır "inna qərəzna"... ilax.
Əgər insan isən, etmə xəyanət,
Gözəl saxla, əmanətdir, əmanət.