Qəmər!

Vikimənbə saytından
Qəmər!
Müəllif: Hüseyn Cavid

Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,
Vücudum atəşi-humma içində həp yanıyordu.
Bütün mühitimi süzdükcə artıyordu məlalim,
Gözümdə bir sürü teyfi-əməl qanatlanıyordu.

Səma gözəldi, hava safü xəndəriz... fəqət mən
Bu iğbari-siyahrəng içində məhv oluyordum.
Dəniz kənarinə endim, dərin-dərin düşünürkən,
Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum.

Dəniz də heyrətə dalmış, bənim kibi o da düşgün...
Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakin
Bən ağlıyordum, o xamuş... bən həyatıma küskün,
O eyliyordu dərağuş önümdə bir təni-simin.

Qəmər, o çöhreyi-dilbər, o nuri-cazibəpərvər,
Çiçəklənirdi onun sinəsində hər yeri üryan;
Qəmər, o misrai-bərcəstə, ah... o şeri-münəvvər,
Gülümsiyor, onu əmdikcə mavi bir ləbi-rəyyan.

Bəni o nuri-lətif eyləmişdi kəndinə məftun;
O simbər qızı dalğın nəzərlərimlə öpərkən,
“Qəmər! Qəmər!..” deyə qarşımda sanki bir dili-məhzun

Anar da keçmişi, həp çırpınırdı inliyərəkdən.
“Bu hanki səs, bu nasıl bir iniltidir?” deyə daldım,
Həmən önümdə sənin çöhreyi-həzinini buldum.