Məzmuna keç

Qəzəl 1 Yavaş Get

Vikimənbə saytından
Yavaş get
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Çox təşnəyəm ol qaməti-rə’nayə, yavaş get,

Min həsrətəm ol hüsni-dilarayə,yavaş get.


Qıldın məni-biçarəni aşüfteyi-zülfün,

Saldın bir uzun şur ilə qovğayə, yavaş get.


Ey badi-səba, türreyi-yarə güzər etsən,

Bir tul sözüm var dili-şeydayə, yavaş get.


Ahulara mə’nus qılıb nərgisi-məstin,

Salmış məni Məcnun kimi səhrayə, yavaş get.


Dur, bir baxım ol qəmzeyi-cəlladə, verim can,

Axir yetişəm bircə təmənnaya, yavaş get.


Əbruyi-xəmin tiğ çəkib qətli-Şəhidə,

Saldın dili-aşüftəni qövqayə, yavaş get.


                 * * *

Ürəyim qılınca oxşar qaşlarını görəndə elə titrəyir,

Elə bil ki, yaralanmış ov tələnin bəndini görüb titrəyir.


Mərhəmət zamanı qəmzələr gözündə elə titrəyir,

Sanki qəzəb vaxtı qatil əlində nizə titrəyir.


Saçının düyümünü açanda əyri tellər titrəyir,

Bəh, yoxlama vaxtı xain xəzinədar titrəyir.


Onun üzü kirpiklərin kölgəsində titrəsə, olar,

Çünki Peyğəmbərin barmağından göydəki ay titrəyir.


Gözəl üzünü ört, gəl, yenidən bir inqilab yaratma,

Çünki dünya Tur dağı tək bu səhnədən titrəyir.


Sənin zülfündən bir damcı qan olan ürək necə titrəməsin?

Musa öz yədi-beyzası ilə qızmış əjdahadan titrəyir.


Göz yaşlarının dalğaları arasında qamətinin təsviri

titrəyir, Elə bil sərv ağacının kölgəsi axan suda titrəyir.


Ürəyimin fəryadından ürəklər aram tutmur,

Axı təhlükəli gecədə zəng səsindən karvan da titrəyir.


Sənin əmrin olanda, eşqin Şəhidi odda da oturar,

Nəmrudilərin odundan titrəyən adamın halı necə olar?


                    * * *

Sənin məst gözlərin badə içənlərdir,

Onlar xəstədirlər, üzürlüdürlər.


Füsunkarlıqda qaşların mahirdir,

Hər ikisi daim əyilmiş (qıvrılmış) ilandırlar.


Sənin o iki gözün iki xətakar məstdirlər,

Hərəsi bir qılınca söykənən qaniçəndir.


Gözlərinin əlindən nalə çəkmərəm, onlar ürək sancandır,

Bu üsul artıq hamıya bəllidir.


Sənin qaşların qaniçən ox atandırlar,

İki cevran ovlamaqçün ox atandırlar.


İlan tək o bir cüt hörüyün sənin,

Firdövs gülşəninin bağbanıdırlar.


Zəncir tək bağlanan bir cüt hörüyün sənin,

Gecə tək uzundur, hamı onun əsiri.


Ey zülf, Şəhid tək aşiqin çoxdur sənin,

Onlar ömrü boyu sənə bağlı (aşiq) qalacaqlar.


                    * * *

Ey baş-başa vermiş qövsi qaşlar,

Daima iki dünya mülkünü xərab etməkdəsiniz.


O parlaq saçların həvaləsindəsən,

İlandan qorxan (qanad açmış) tovuz tək qanadlanmışam


Sanki bu dəli könlün sorağında sən,

Bu qıvrım tellərə baş əyibsən.


Dostlar xəstə dost yanında olduğu kimi,

Bir cüt məst göz qarşısında əyilib qamətin sənin.


Sərv budağı şehdən gülə doğru əyildiyi tək,

Vəsmənin rəngindən belim gül camala doğru əyilib.


Qövsi qaşlar qarşısında yay tək əyilmiş bu bəxt,

Bu əyilmiş bəxt sənin özünü də özünə əyir.


Ox atmaq elmində sanki Bijənsən,

Qılınc vurmaq sirrində Rüstəm həsəd çəkər sənə.


Qara vəsmə paltar geymişsən,

Sanki, cəfakeş Şəhidin matəmindəsən.


                   * * *

Ey yar, səndən başqa heç bir hekayətim yoxdur,

Hər kəsdən hekayə etsəm, son məqsəd sənsən.


Dostlar hər tərəfimdə yüz cür söhbət edirlər,

Mən isə həvəslə səndən danışıram.


Dövranım tamam oldu, ömür axıra çatdı,

Sənəsə eşqimin hələ sonu görünmür.


Canıma saldığın bu od-alov kaş ki,

Bir gün sənin də canına sirayət edərdi!


Cismimə od vurma, axı bu mülk sənindir,

Köməklik ümidilə onu sənə təslim etmişəm.


Eşqin qəlb evinin taracına hökm verdi,

Sultan acıqdan vilayəti qarət edər.


Hüsnünün padşahı bayraq qaldıranda,

Hamının qoşunu canımın şəhərini tərk etdi.


Sənin gözəl surətindən mərifət aşkar olur,

Bu hüsnün Allahın qüdrətindən yaranmışdır.


Mənə nəsihət verəndən nə tayda ki, o özü eşqində qərq olmuşdur.

O özünü itirmiş olduğu halda, necə yol göstərə bilər?!


Əgər məni öldürsən, hər şey olar-aydın olar,

Heç bir üzlə səndən şikayətim olmaz.


Çək iti qılıncını, bizim şəriətdə rəvadır,

Şəhid qətl olsa, cinayət sayılmaz.


                 * * *

Ey yar, qəlbim bənd oldu kəməndində sənin,

İki dünya mülkünə sənin bəndindən qopmaram.


Getmir bir dəm belə qəlbimdən xəyalın sənin,

Hər iki dünyanın möhtacları sənin arzundadır.


Hər an sənin sərv qamətin mənim gözlərimin önündədir,

Sənin gözəl camalın hər an mənim könlümdədir.


Sənin sərv qamətinə adət edəndən bəri,

Qəlb quşum öz yuvasına meyl etmir.


Sənin gözəl cəmalın hər an mənim könlümdədir,

Beşikdən qəbrədək dərmanımsan mənim.


Camalın gözəllikdə misilsizdir,

Şirin ləblərin İsa kimi ölüləri dirildər.


Ey dost bəndində olan Şəhidə öyüd verən,

Mən ancaq öz dostumdan öyüd götürərəm.