Qaşların (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qaşların (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Ay nazənin, ay qabağın altından
Nə göyçək çəkilib qara qaşların!
Gözlərin süzüldü, canım üzüldü,
Vurdu ürəyimə yara qaşların.

Əslin mələk, cismin huri, qılmandı,
Camalın şoxundan ciyərim yandı.
Zülümkardı, çox nainsaf divandı,
Rəhm еləmir günahkara qaşların.

Gözlərin görənin canını alır,
Həsrətini çəkən vaxtsız qocalır.
Sərdarı, sultanı taxtından salır,
Bərhəm vurur ürüzgara qaşların.

Gözüm qaldı hilal qaşın tağında,
Məcnun oldum, qaldım Lеyli dağında.
Yazıq Ələsgəri qoca çağında,
Zülm ilə çəkdirir dara qaşların.