Məzmuna keç

Qalasan

Vikimənbə saytından
Qalasan
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Məndən yara yaxşı-yaman qandıran,
Görüm yar üzünə həsrət qalasan.
Fel işlədib çırağımı söndürən,
Heyva kimi saralasan, solasan.

Mən ki, ona qurban dedim canımı,
Halal etdim, öldürsə də qanımı.
Aldın əldən şövkətimi, şanımı,
Ay bədnəzər, odlanasan, yanasan.

Bülbül gülsüz, gül bülbülsüz qan ağlar,
Üzər möhnət, gedər şirin can, ağlar.
Çəkiləydi sinən üstə bu dağlar,
Mənim kimi sən də nakam olasan.

Gecə-gündüz fəğanıma el gələr,
Ürəyimdə qanlar axar sel gələr.
Yar həsrəti cavan qəddimi əyər,
Sən də belə qəm-qüssədən doyasan.

Məmmədhüseyn qarğımasın, neyləsin,
Kim qıyar gülünü yadlar iyləsin.
Yağı düşmən yaxşı qurdu hiyləsin,
Fələk qoymur, kimdən qisas alasan.