Qaldı (Miskin Abdal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qaldı
Müəllif: Miskin Abdal
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

İnsan oğlu, qeybət etdin yoldaşdan,
Kəsdin haqq-salamı, harası qaldı?
Söz yetişdi sahibinə, utandın,
Axır, sənə üzün qarası qaldı.

Pislikdən nə çıxar, söylə, ay insan,
Çıxmaz yaddan, yüz il keçsə aradan.
Tutaq ki, bir insan çıxdı sıradan,
Kimə zər-zibası, xarası qaldı?

Miskin Abdal, bəsdir daha bu qədər,
Bülbül nəğmə deyər, bayquşlar ötər.
Xəncərdən, bıçaqdan, qılıncdan betər,
Sinəmdə pis sözün yarası qaldı.