Qaldı (Qul Allahqulu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qaldı
Müəllif: Qul Allahqulu
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı (2018). Aşıq şeirinin poetik biçimləri və çeşidləri (az). Elm və təhsil. Yoxlanılıb 2020-04-13.

 
Könül, qulluq eylə kamil ustada,
Ustad görməyənin işi xam qaldı.
Neçə danəndələr getdi dünyadan,
Yerində bir neçə ağlıkəm qaldı.

Nanəcib heç kimə ənam eyləməz,
Təkəbbür kimsəyə salam eyləməz,
İnsan bu dünyanı tamam eyləməz,
Çoxları cəhd etdi, natamam qaldı.

Ərəb at üstündə durdum deyənlər,
Asdım, kəsdim, yıxdım, vurdum deyənlər,
Dünyaya əmlakım, yurdum deyənlər,
Onlar da köçdülər, quru dam qaldı.

Bivəfaya dedim, dur məndən üzül,
Müxənnəsə baxma, gözlərim, süzül,
Nuh da ömr eylədi min doqquz yüz il,
Elə bil, bir gündüz, bir axşam qaldı.

Qul Allahquluyam, ay nəsib eylə,
Şəcərdən bac verib, ay nəsib eylə,
İsgəndər mülküdür, aynası belə,
Nə Cəmşid padişah, nə də Cam qaldı.