Qalx, sevgilim
| Qalx, sevgilim Müəllif: Almas İldırım |
Qalx, sevgilim, qalx da məni yola vur,
Gec gəlinsə yurd başına çökəcək…
Mən artıq gözləməm gün doğsun deyə,
Kim bu bitməz intizarı çəkəcək?
Qalx ki, yollar uzun, əməl uzaqda,
Bu uğurda ölüm də var, tuzaq da.
Qalx sevgilim, qalx da atımı gəmlə
Sıcaq bir öpüşlə alnımı nəmlə,
Yetər, gün keçirdim mən bu özləmlə.
Sən aldırma, dağlar keçid verməzsə,
Fırtınalar qopub yolumu kəssə!
Qalx sevgilim, qalx da, quşlar ötüyor,
Gözümdə bir savaş əksi tutuyor,
Qalx ki, zaman keçdi, günüm bitiyor…
El nə deyir, bax bu miskin duruşa,
Qollarında güc yoxmu bir vuruşa?
Qalx sevgilim, ver oxumu, yayımı,
Çək altıma о küheylan tayımı,
Kim о mənim inkar edən soyumu?
Hansı qüvvət bükən mənim qolumu,
Mən gedərsəm kim kəsəcək yolumu?
Qalx sevgilim, qalx ta məni yola vur.
Düşmənə ki, qəlbimdə çox acı var,
Çökməm dizə, vurulmazsam arxadan
Hələ məndə Bozqurdumun gücü var.
Sən aldırma, dağlar keçid verməzsə,
Fırtınalar qopub yolumu kəssə…