Məzmuna keç

Qara gözlər

Vikimənbə saytından
Qara gözlər
Müəllif: Cəfər Cabbarlı

O gündən beş ildir tamam,
Oruc tutmam, namaz qılmam
Səhər-axşam var bir duam:
Gözlər, gözlər, qara gözlər!

Göylərə etməm etibar,
Beş ildir könlüm intizar
Tanıdığım, bir Tanrı var:
Gözlər, gözlər, qara gözlər!

Diləklərim erkən soldu,
Könlüm fəryaddan yoruldu,
Nə istərdim... nələr oldu
Gözlər, gözlər, qara gözlər!

Siz bir gözəllik Tanrısı.
Mənsə bir tale ayrısı,
Könlümün ilham pərisi
Gözlər, gözlər, qara gözlər!