Məzmuna keç

Qaradağlılar/Məhəmmədqulu xan

Vikimənbə saytından
Məhəmmədkazım xan Qaradağlılar. Məhəmmədqulu xan
Müəllif: Ənvər Çingizoğlu
Nəcəfqulu xan


Məhəmmədqulu xan Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Qardaşının hakimiyyəti dönəmində Dizmar mahalının başçısı təyin olunmuşdu. Ünlü Kürdəşt qalasında əyləşirdi. Qərargahı və divanxanası bu istehkamda yerləşirdi. Məhəmmədqulu xan Dizmar hakimi olmaqla bərabər Iran ordusunda sərkərdə kimi xidmət etmişdi. Abbas mirzənin ünlü sərkərdələrinin arasında onun da adı çəkilir. Şahzadə Abbasqulu xandan üz döndərəndən sonra Məhəmmədqulu xandan da soyumuşdu. Onu da dəyişmək istəyirdi. Abbas mirzə Xoy şəhərinin müdafiəsi üçün tərtib etdiyi 2 Qaradağ batalyonuna Məhəmmədqulu xanın qohumu Mustafa sultanı başçı təyin etmişdi. General-mayor Pankratov qaradağlıları savunmadan əl çəkməyə çağırdı. Qaradağlılar çəkilib, getdilər. Mustafa sultan Pankratovun yanına gəlib təslim oldu. 1826-1828-ci illər rus-Iran müharibəsi nədəniylə Qaradağ savaş meydanına dönmüşdü. 1826-cı ildə Abbas mirzənin qoşunlarını Araz çayından uzaqlaşdırmaq məqsədilə general I. F. Paskeviç oktyabrın 25-də Arazı keçdi. Savaş başladı. Rus qoşununa arxadan zərbə vurmaq istəyən Qaradağ vilayətinin Keyvan mahalının başçısı Bağır xan Çələbiyanlını Məhəmmədqulu xan zərərsizləşdirdi. Bağır xan bu olayı Abbas mirzəyə məruzə etdi. Rus qoşunlarının Qaradağdan Qarabağa keçdiyini öyrənən Abbas mirzə Məhəmmədqulu xanın qətlinə fərman verdi. Fərmanın icrasını Urmiyalı sərkərdə Əskər xan Əbdülməliki-Avşara tapşırdı. Əskər xan Urmiya atlıları ilə Məhəmmədqulu xanı təqib etməyə başladı. Məhəmmədqulu xan təqibdən gizləndi. Lakin əhvalatı yazıb general I. P. Paskeviçə bildirdi. 1826-cı ilin dekabr ayının 28-də rus qoşunlarının bir dəstəsi general-leytinant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Rus qoşunlarının bu dəstəsi 1827-ci ilin yanvarın 16-a qədər Qaradağda qaldı. Onlar bu zaman ərzində Məhəmmədqulu xanı Abbas mirzənin qəzəbindən qorudular. Lakin bu qoşun da qayıdandan sonra Abbas mirzənin atlıları Qaradağ ərazisində yenidən görünməyə başladılar. Bu dəfə Məhəmmədqulu xan keçmiş qoşununu başına toplayaraq qorunmağa başladı. 1827-ci ilin mart ayının axırlarında Qafqaz canişini A. P. Yermolov geri çağrılır. Qraf I. F. Paskeviç Zaqafqaziyanın bütün işlərini əlinə alır. Məhəmmədqulu xanı Rusiyaya dəvət edir. Öncə kömək üçün Ordubad hakimi Şeyxəli xan Kəngərlini göndərdi. O, 400 atlı ilə və Naxçıvan polkunun döyüşçüləri ilə Araz çayını keçərək Naxçıvandan və Ordubaddan Arazın o tayına zorla köçürülmüş əhalini geri qaytarmışdı. Daha sonra o Dizmar bəylərini özünə tabe etməklə Cənubi Azərbaycan şəhəri Mərəndlə Ordubad arasında əlaqə yaratmışdı. Daha sonra Şeyxəli xan öz ordusu ilə Mehridən cənubda yerləşən Kürdəşt qalasına getmişdi. Bu istehkam «yerli əhali tərəfindən ən güclü qala» hesab edilirdi. Şeyxəli xan çox da çətinlik çəkmədən qalanı tutmuş, orada 150 nəfərdən ibarət qarnizon saxlamışdı, yerli əhalini özünə tərəf çəkmişdi. Şeyxəli xan Kürdəşt qalasında ələ keçirdiyi çoxlu barıt və topla rusların düşərgəsinə qayıtmışdı. General-leytenant knyaz Eristov ordu ilə Təbrizə qədər getmişdi. Təbrizdə olarkən Qaradağla, Məhəmmədqulu xanla maraqlanmışdı. Məlumat vermişdilər ki, Iran qoşunları Qaradağ ərazisindən çıxıb, cənuba tərəf çəkilmişdi. Paytaxt Əhər şəhərində isə Həsən xanın başçılığı ilə 400 atlı qalmışdı. Qarabağ, Şirvan, Şəki əyalətlərini və Talış xanlığını idarə edən knyaz I. N. Abxazov Məhəmmədqulu xanı qəbul edib Şuşada yerləşdirir. I. F. Paskeviç xana beş-altı kənd boyun olmuşdu. Məhəmmədqulu xan 1828-ci ildə Abbas mirzədən qaçıb ailəsi, qardaşı və rəiyyətlərinin bir hissəsi ilə Qarabağa gəlmişdi. Çarın xüsusi fərmanı ilə mayor rütbəsi və Xanqaradağski familyasını almışdı. Şuşa şəhər komendantlığının hərbi hissəsində işə təyin olunmuşdu. Kəşfiyyat xidmətinin rəisi idi. Əsasən Iran xəbərləri bölməsinə rəhbərlik edirdi. Məhəmmədqulu xan Iran haqqındakı xəbərləri əsasən Qaradağda yaşayan qohumlarından alırdı. Şəki, Şirvan, Qarabağ əyalətlərinin və Talış xanlığını idarə edən, artireliya general mayoru, kavaler Jukovski 1831-ci ilin avqust ayının 27-də korpus komandanı, general-mayor Pankratova yazdığı məxfi bir qeyddə bildirir: «Məhəmmədqulu xan Iranda yaşayan qohumlarından aldığı məktubda olan xəbərləri mənə bildirir.» General mayor Jukovski 1831-ci ilin dekabrında korpus komandirinə göndərdiyi məxfi bir bildirişdə yazırdı: «Qaradağlı Məhəmmədqulu xan mənə çox gərəkli bir məlumat verib. Ingilislər öz zabitlərini Irana göndəriblər ki, sərbazları öyrətsinlər. Sonra şaha bildiriblər ki, biz öz himayəmizdə yüz min sərbaz saxlaya bilərik, ancaq onları evə buraxmayın. Indi qalıb ki, həmişəlik sərbaz toplasınlar.» 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. Məhəmmədqulu xan 1840-cı ildə Şuşa şəhərində vəfat edib. Məhəmmədqulu xanın Həsənəli ağa, Məhəmmədhüseyn ağa adlı oğulları, Sara xanım adlı qızı vardı.