Qocalmışam (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qocalmışam
Müəllif: Aşıq Alı


Ala gözlüm, sən nə məlul durursan,
Sən görən deyiləm, yar qocalmışam.
Qaymaq dodaq, gül yanaqlı bəxtəvər,
Gəlibdi gözümə tor qocalmışam.

Dəhanda dişlərim gəlib amana,
Qədd əyilib, belim dönüb kamana.
Dolanıb rüzigar, dönüb zamana,
Tərlan baxtım olub sar, qocalmışam.

Bu fani dünyadı heç kəsə qalmaz,
Seyraqub çırağı başatan yanmaz.
Heç kəsə qalmayıb, xana da qalmaz,
Arıyıb-axtarıb kar, qocalmışam.

Könül qubarlanıb tutanda bəhsi,
Gələndə guşuma müxənnət səsi.
Müddəi eyləyib hər işin tərsi,
Çox zülüm eyləyib çar, qocalmışam.

Tüsdü qalxıb duman gəzir başımda,
Ataş qaynar ürəyimdə, döşümdə.
Alıyam, olmuşam doxsan yaşımda,
Ağarıb saqqalım, çal, qocalmışam.