Qocalmışam (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qocalmışam
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Ey dost, soruşursan ağarıb başım,
Qoy deyim səbəbin, yaz – qocalmışam.
Dağ da əriyərdi mən çəkən dərdə
Hələ mən dözmüşəm, az qocalmışam.

Sənət bağçasında barsız deyiləm,
Sinəm xəzinədir varsız deyiləm,
Tənə söz götürən arsız deyiləm
Salıb ürəyimə, tez qocalmışam.

Yapalaq kor baxır qızıl çələngə,
Canavar lağ edir arıx nəhəngə,
Tülkü şirə gülür, çaqqal pələngə.
Sar satır tərlana naz, qocalmışam.

Elə gətirir ki, dünyanın işi,
Namərdə əyilir əyilməz kişi,
Zamanın “sağ ol”u, dünya gərdişi,
Bağlayıb sinəmə buz, qocalmışam.

Nəcəfəm əlimə düşə cavanlıq,
Qatıb qocalığa edəm yavanlıq,
Günahkar fələkdir, odur divanlıq,
Büküb ətəyimə bez, qocalmışam.