Quşların şahı

Vikimənbə saytından
Quşların şahı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

Məlum olduğu kimi, cincarquşu çox murdar quşdur. Hətta yarasadan da pisdir. O, olduqca hiyləgərdir və təsadüfi deyil ki, biz onu ovlayıb tuturuq.

Bu quş barmaq boyda olsa da o, quşların şahı sayılır və bu adı da məhz murdar bir yalan nəticəsində əldə edib.

Müqəddəs peyğəmbər Kolm Killin vaxtında bütün dünyadakı quşlar özlərinə şah seçmək üçün toplaşdılar. Lakin hər bir quş bu vəzifəyə can atdığı üçün, onlar razılığa gələ bilmədilər və tezliklə əsl müharibə başladı. Yer üzünün bütün meşələrində üç il qanlı döyüşlər davam etdi.

Nəhayət, müdrik qoca qarğa şah seçmək hüququnu müqəddəs Kolm Killə həvalə etməyi təklif etdi.

Hamı razılıq verdi və dünyanın hər tərəfindən bu müqəddəsin yaşadığı Donehola o qədər quş uçub gəldi ki, bütün göy üzünü qara örtük kimi tutdular.

Müqəddəs qoca öz kiçik komasından çıxıb, onların nə istədiklərini soruşdu. Quşlar hər şeyi ona danışdılar və onun hər bir qərarına itaət edəcəklərinə söz verdilər.

Belə olanda Kolm onlara yerə enməyi əmr etdi. Quşlar yerə endilər və bütün dərələr, təpələr, çaylar, hətta göllər də quşlarla doldu. Axı onların sayı-hesabı yox idi. Müqəddəs qoca onlara m üraciət edərək dedi:

dedi:

- Sizin aranızda ən yaxşı və ən güclü hamıdan yüksəklərə uçan quş sayılacaq. O da quşların şahı olacaq!

Bu qərarın müdrik və ədalətli olduğuyla hamı razılaşdı. Sonra müqəddəs dedi ki, o, işarə verən kimi quşlar göyə qalxmalıdırlar və ən yüksəyə qalxan quş, quşların şahı elan olunacaq.

Müqəddəs qocanın işarəsiylə bütün quşlar havaya qalxdılar. Aşağıda onlara baxan adamlar gördülər ki, əvvəlcə quşlardan biri yorulub yerə düşdü; sonra o biri, yazıq, yorulub yerə düşdü. Beləliklə, bütün quşlar bir-birinin ardınca yorulub yerə düşdülər. Təkcə bir quş hələ də göyün ənginliklərində süzməkdə davam edirdi.

Bu, qartal idi.

Lakin qartal məğrur olduğundan ona belə gəldi ki, quşların şahı kimi yerə enmək üçün onlardan bir az yüksəyə qalxmaq azdır. Şöhrət azarına düşən qartal yuxarı qalxmaqda davam edirdi və nəhayət, o qədər qalxdı ki, tamamilə gücdən düşdü və daha bir qarış da yüksəlmək üçün qanadlarını tərpədə bilmədi.

Öz uçuşundan böyük məğrurluq duyan və yerə quşların şahı kimi enəcəyinə inanan qartal göydə süzən zaman, onun qanadları arasından kiçik cincarquşu uçdu. O bu vaxta qədər orda gizlənmişdi və indi qartaldan bir fut yüksəyə qalxıb, yerə Quşların Şahı kimi endi!

Müqəddəs qoca öz sözünün üstündə durub, bu mənfur yalançıya şah adı verməyə məcbur oldu. Lakin o, bu alçaq yalana görə elə hirslənmişdi ki, yalançı quşu lənətlədi. Bundan sonra o, heç vaxt bu gün qartalın qanadından ayrıldıqdan sonra qalxdığı məsafədən hün­dürə uça bilməyəcəkdi.

O vaxtdan bu günə kimi, bizim də şahidi olduğumuz kimi, cincarquşu koldan-kola, çəpərdən-çəpərə uçur və heç vaxt dizdən hündürə qalxa bilmir. Onu müqəddəs qocanın lənəti yerə tərəf çəkir.

Qədim zamanlarda deyirdilər: Həmişə dilimizin bəlasını əzilmiş burnumuz çəkir.