Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Əhqaf surəsi

Vikimənbə saytından
Əl-Casiyə surəsi Quran. Əl-Əhqaf surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Məhəmməd surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
2. Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü qanunlar sahibi olan Allah tərəfindən nazil edilmişdir.
3. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
4. De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qur’andan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.
5. Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.
6. İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.]
7. Bizim aydın ayələrimiz onlara oxunan zaman kafirlər haqq və həqiqət onlara yetişəndə onun barəsində «bu aşkar bir cadudur» deyərlər.
8. Yaxud «bu Qur’anı özündən uydurub (Allaha nisbət verib)» deyərlər. De: «Əgər onu uydurmuş olsam (və Allah mənə əzab vermək istəsə) siz mənim üçün Allah(ın əzabın)dan (onun dəf edilməsində) əsla bir şeyə malik deyilsiniz.» O, sizin daxil olduqlarınızı (Qur’anı təkzib etməyinizi, onu cadu adlandırmağınızı) çox yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. Bağışlayan və mehriban Odur!
9. De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab və möcüzə iddiası edən) birinci (adam) deyiləm və (gələcəkdə dünya və axirət işlərində) mənimlə və sizinlə nə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm və yalnız aşkar qorxudanam.»
10. De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
11. Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Qur’an və ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar və aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər.» Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim və köhnə bir yalandır» deyəcəklər.
12. (O necə uydurma ola bilər) halbuki ondan qabaq Musanın (səma) kitabı (cəmiyyətin) rəhbər(i) və mərhəmət (idi). Və bu (Qur'an Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun.
13. Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar.
14. Onlar cənnət əhlidirlər. Onlar (dünyada) etdiklərinin əvəzi olaraq orada əbədi qalacaqlar.
15. Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam.» (Ayə əməlisaleh mömin insan barəsindədir.)
16. Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.
17. Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»
18. Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar.
19. (Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.
20. Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): «Siz dünya həyatınızda (günahlara batmaqla) bütün kef və ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə və itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız.»
21. Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman(ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram.»
22. Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir!»
23. Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm.»
24. Beləliklə əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur.» (Hud dedi: «Xeyir,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir
25. ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları və mal-dövləti) həlak və məhv edəcəkdir.» Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq.
26. Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.
27. Həqiqətən Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar.
28. Bəs nə üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?! (Bəli,) onların yalan və azğınlıqları(nın) və uydurduqları(nın nəticəsi) bu idi.
29. Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.
30. Dedilər: «Ey qövmümüz! Həqiqətən biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik.»
31. «Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin.»
32. Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.
33. Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.
34. Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır).» (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
35. Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!