Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Ələq surəsi

Vikimənbə saytından
Ət-Tin surəsi Quran. Əl-Ələq surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Qədr surəsi


1. Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,
2. O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.
3. Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).
4. O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.
5. İnsana bilmədiyini öyrətdi.
6. (İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!
7. Özünü ehtiyacsız gördüyü üçün.
8. Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.
9. Mənə de, məgər o kəs ki, mane olur
10. Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!
11. Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,
12. Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!
13. Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!
14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15. Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.
16. (Yolunu azmış) günahkar yalançının kəkilindən!
17. (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.
18. Biz də od məmurlarını çağırarıq.
19. Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!