Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Haqqə surəsi
←Nun (Qələm) surəsi | Quran. Əl-Haqqə surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Məaric surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. «Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz olan işlər və hallar,
2. O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)
3. Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).
4. Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.
5. Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.
6. Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.
7. (Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
8. İndi sən onlardan heç qalanını görürsənmi?!
9. Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).
10. Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.
11. Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.
12. Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.
13. Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),
14. Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.
15. Beləliklə, (məhz) o gün Qiyamət qopar.
16. Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.
17. Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
18. O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.
19. Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».
20. «Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».
21. Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.
22. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)
23. Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).
24. Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).
25. Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»
26. «Və hesabımın nə olduğunu bilməyəydim».
27. «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».
28. «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».
29. «Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı».
30. (Əmr yetişər:) «Onu tutun və qandallayın».
31. «Sonra da onu şölələnmiş oda atıb yandırın!».
32. «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».
33. «Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».
34. «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».
35. Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.
36. (Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.
37. O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.
38. Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,
39. Və görmədiklərinizə (qeybi mövcudlara) ki,
40. Bu (Qur’an) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
41. Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!
42. Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
43. (Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44. Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,
45. Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.
46. Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.
47. Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.
48. Və həqiqətən, bu (Qur’an) təqvalılar üçün bir öyüd-nəsihətdir.
49. Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
50. Bu (Qur’an) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.
51. Və həqiqətən, bu (Qur’an) yəqin (gerçək) bir haqdır və həqiqətdir.
52. Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).