Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əz-Zariyat surəsi

Vikimənbə saytından
Qaf surəsi Quran. Əz-Zariyat surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ət-Tur surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
2. (And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
3. (and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
4. (and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
5. həqiqətən sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
6. Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
7. And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
8. ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
9. Ondan (Peyğəmbərdən və onun Qur’anından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
10. Ölüm olsun (Peyğəmbər, Qur’an və məad barəsində iftira söyləyən) yalançılara!
11. (Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
12. Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
13. Onların odun içində əzab verilib yanacaqları gün!
14. (Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir.»
15. Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
16. Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
17. Onlar gecənin az bir hissəsini yatırdılar.
18. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
19. Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
20. Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
21. Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
22. Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
23. Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
24. İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
25. Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə).» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
26. Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
27. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
28. Beləliklə onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
29. Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
30. Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir.»
31. İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
32. Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
33. ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
34. Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
35. Beləliklə oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
36. Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
37. (İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
38. Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
39. Beləliklə o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir.»
40. Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
41. Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanələr vardır.)
42. O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
43. Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
44. Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
45. Beləliklə nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
46. Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
47. Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
48. Və yeri sərdik. Biz gözəl sərənik.
49. Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
50. (Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
51. Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
52. Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.
53. (Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyir! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
54. Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
55. Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
56. Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.
57. Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.
58. Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.
59. Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
60. Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!