Quzğun üçün
Görünüş
| Quzğun üçün Müəllif: Almas İldırım |
Bir zamanlar vəcdə gəldim coşğun səsindən,
Dinlədikcə dərdlərini sarıldım saza.
İlham alıb dalğaların kişnəməsindən,
Diyar-diyar sürükləndim dərd yaza-yaza…
İçimdəki dərin sızı yadınmı, Quzğun?
Dodağımda donub qalan adınmı, Quzğun?
Söylə, sənə nədən "Dəli Xəzər" demişlər?
Kor taleyin əldən-ələ gəzər demişlər,
Səni sevən öz canından bezər demişlər?
Yetməz oldu yollara göz dikdiyim, Quzğun,
Bitməzmi bu kor fələkdən çəkdiyim, Quzğun?
Söylə nədir üzündəki о qızıl ləkə?
Qanmı verdi yarasından qucduğun ölkə?
Xəyalınmı gözlərimdə bu mavi kölgə?
Ey uzaqdan qadasını aldığım Quzğun,
Gur səsini dost elinə saldığım Quzğun..