Röyasını görmüşdüm
Görünüş
| Röyasını görmüşdüm Müəllif: Əhməd Cavad |
| Xalil Paşaya |
Mən röyada nazlı yarın
Tellərini örmüşdüm.
Bu sevincli zamanların
Röyasını görmüşdüm...
Elin dalğın olduğu gün
Xülyam məni güldürdü.
İnanmayan imansızın
Dərdi məni öldürdü.
Bir zaman çün bizim günəş
Qara tüla sarıldı.
Hər kəs ondan ümidsizkən
Mənim könlüm darıldı.
Unudaraq kor sevdanı
Yaşıl söyüd dallarında,
Mənim gözüm ilk aradı
"O"nu Turan yollarında.
Bir gün oldu... Bizimkilər
Oldu bizi bəyənməz.
Mən dedim ki: millətimin
Sarmayası tükənməz.
5 avqust, Hacıkənd