Məzmuna keç

Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır

Vikimənbə saytından
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır
Müəllif: Fatma xanım Kəminə

Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,
Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.

Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakin
Səri-kuyində dövr edən xəyali-biqərarımdır.

Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,
Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır.

Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylər
Səri-zülfün kimi bərhəm pərişan ruzigarımdır.

Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir,
Həmişə naləvü əfğan mənim də şüğlü karımdır.

Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun,
Mənim də dövlətü cahım bu eşqi-paydarımdır.

Kəminə bivəfa görsə səni, vallahı incinməz,
Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.