Məzmuna keç

Radio

Vikimənbə saytından
Radio
Müəllif: Mikayıl Müşfiq

Gizli-gizli havanın raylarından aşaraq,
Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,
Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraq
Hər yerdən xəbər verir
Allo, allo səsləri.
Əcəb cilvə göstərir
Allo, allo səsləri.

Qıvrım qamçılar vurub dağlara, dənizlərə,
Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə,
Yolçuları toplayır bir yığnağa, bir yerə
Hər gün söhbət eyləyən
Allo, allo səsləri.
Hər şeyi tez bəlləyən
Allo, allo səsləri.

Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,
Xəbərsizkən çox işdən ölkələrin müxbiri,
Birləşib sayənizdə həp könül iqlimləri,
Çiçəklənir, allanır
Allo, allo səsləri.
Nəşələnir, hallanır
Allo, allo səsləri.

Nə yellər uğultusu, nə vulkanlar nərəsi,
Nə xəyalı divlərin köpüklü yayqarası,
Qışqırıb bağırsanız kəsilmədən arası
Qiyamət eylərsiniz
Allo, allo səsləri.
Siz başqa bir nərsiniz
Allo, allo səsləri.

Səsinizə tay olmaz sizin keçdi-keçdidə,
Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə,
Bir torpağın, bir evin bütün sərgüzəşti də
İçinizdə saqlıdır
Allo, allo səsləri.
Doğrudan maraqlıdır
Allo, allo səsləri.