Söhbət aç

Vikimənbə saytından
Söhbət aç
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Aşıq Feyruz, kamalına badə ver,
Üç altının diyarından söhbət aç.
Çahar, şeşin mə`nasını yozgilən,
Həfti pəncin bazarından söhbət aç.

Otuz altı hansı bağman bağıdı?
Yetmiş iki hansı bina tağıdı?
Eşqin bağı hansı məhsul yağıdı?
On dörd alim güzarından söhbət aç.

Aşıq Valeh yol açmadı dərinə,
Hansı hesab tapmamısan sərinə,
Qol bağla gəl, kamil ustad dərinə,
On beş aləm baharından söhbət aç.