Məzmuna keç

Səbrim alıb fələk, mənə yüz min bəla verür

Vikimənbə saytından
Səbrim alıb fələk, mənə yüz min bəla verür
Müəllif: Məhəmməd Füzuli


Səbrim alıb fələk, mənə yüz min bəla verür,

Az olsa bir məta’, ona el çox bəha verür.

Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,

El şimdi məndən aldığı pəndi mana verür.

Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər

Nəxli ki, qan yaşım ona nəşvü nəma verür.

Xaki-dərindir ol ki, dünü gün səvab üçün,

Həm ayə sürmə, həm günəşə tutiya verür.

Qılmaz qəbul surəti-iqbal bunca kim,

Ayineyi-vücuduma cövrin cila verür.

Ney kimi cismim oldu oxundan dəlik-dəlik,

Dəm urduğumca yerli-yerindən səda verür.

Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,

Səbr eylə, kim ki, dərd veribdir, dəva verür.