Məzmuna keç

Səhifə:Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.pdf/10

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

"Dəvət" şerindən götürülən bu parçada hər şey göz qabağında deyilmi? Hələ buradakı istiarəyə (ləpələrin uşaqlara oxşadılması), bənzətməyə (ayın topa oxşadılması) diqqət edin. On dörd gecəlik ayın (topa oxşadıldığı üçün bizdə bu təsəvvür yaranır) ziyası altında titrəşən şən ləpələr (burada da həm bədii təyin, həm də istiarə var, çünki insana xas keyfiyyət – şənlənmək ləpələrə aid edilib), sahilə gələn ağ kəlağayılı sevgili, onu ürəyi çırpına-çırpına gözləyən lirik qəhrəman… Necə də yadda qalan, zövqü oxşayan, ruha qida verən lövhə.
Bu kiçik şeir parçasında həm də onu görürük ki, şairin poeziyası bədii təsvir vasitələri ilə necə zəngindir. Bu zənginliyi görmək xatirinə bir misal da gətirim:

Yuxusuz bir beyin – susuz bir bulaq,
Çalğısız əyləncə – tüstüsüz ocaq;
Yelkənsiz bir gəmi – ruhsuz bir cəsəd.
Budur azadlığa yabançı millət!

"Azadlıq dastanı" poemasından götürülən bu dörd misrada, əvvəla, ustalıqla yaradılmış altı bədii təyin var; ikincisi, üç tutarlı bənzətmə diqqəti cəlb edir; üçüncüsü və ən tutarlısı: yuxusuz beyinlə susuz bulaq, çalğısız əyləncəylə tüstüsüz ocaq, yelkənsiz gəmiylə ruhsuz cəsəd azadlığa yabançı olan azadlıq uğrunda mübarizə aparmayan millətlə yanaşı qoyulur, dördüncü bənzətmə meydana çıxır və bütün bunlar şair fikrinin daha qüvvətli çıxmasında müstəsna əhəmiyyət kəsb edir.
Müşfiq yeni poetik formalar yaratmaq cəhətində də öz qələm yoldaşlarından seçilən, fərqlənən şairlərimizdəndir. Qeyd edim ki, narahat bir sənətkar olan Müşfiq onu məşğul edən, düşündürən, nifrət və məhəbbətinə, kədər və sevincinə səbəb olan məsələlərin ecazkar ifadəsi üçün həmişə çırpınmış, rəngarəng mövzulu, məzmunlu poeziyasında əlverişli poetik formaların da olmasına çalışmış, bu sahədəki axtarışını heç vaxt dayandırmamışdır.
Ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şerinin, istərsə də klassik şerin poetik formalarına həmişə həssaslıqla yanaşmış, bunların çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müsəddəs), yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. poeziyasında işlətmişdir. Şairin Qərb şeirinin poetik forması olan sonetə biganə qalmadığını, sonetlər yazdığını və yeri düşdükcə özünün də yeni poetik formalar yaratdığını qeyd etsəm müəllifin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyi aydınlaşır.
Şair özünəməxsus bir formada yazdığı "Tərtərhes nəğmələri" və "Mingəçevir həsrəti" əsərlərində üçlükdən ibarət 15 misralıq bənd yaratmışdır ki, burada birinci üçlüyün iki misrası öz aralarında qafiyələnir, üçüncü misra isə

10