Məzmuna keç

Səhifə:Miskin Abdal. Bakı, “Səda“, 2001, 288 səh.pdf/50

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Aşıq olub, dərs alanlar söz desin sözüm kimi.
Miskin Abdal, məğrur istə hamını özün kimi,
Arifi, mətləb qananı bilirəm gözüm kimi,
Sinəm üstdən mərd yeridi, şeytana yol vermədim.

NARIN ÜZƏ BİLMƏRƏM

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
’’Qırxlar piri" özü düzüb ayağıma atəşi,
Alışaram Səməndər tək, narın üzə bilmərəm.

Dərviş gərək bu meydanda qurban olsun baş-başa,
Mürşidimdən üzüm dönməz, dünya gəlsə baş-başa.
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.

Miskin Abdal, eşq əhlisən, ömrü vermə bada hey,
Özün haqqsan, Haqq əlindən götür nuş et, badə hey.
Məhşər günü tab etməzsən solxum-solxum bada hey,
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm.

ZAY OLMUSAN

Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımısan, sevilib, bay olmusan?
Sən dərvişsən Haqq yolunda, Haqqı istə, Haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.

Yar olsan da incimə, gəl, ulu Tanrı bağışlar,
Dərgahında apaydındır bu cizgilər, naxışlar.
Qoy didəndən sel-sel olub, axsın qara yağışlar,
Axır məhşər görərsən ki, köpüklü çay olmusan.

Çay olmağın paklığındır, durma, yuyun, paka çıx,
Doğru-düzə yol açıqdır, nə qar-boran, nə palçıq,
Miskin Abdal, dolansan da ayaqyalın, başaçıq,
Zər qədrini zərgər bilər, zaylara say olmusan.

49