Bu səhifə korrektə edilib
Yatmış idim bəxtim məni oyatdı,
Qəzanın qədəri kəməndin atdı,
Mahalım Göyçədi, sakinim Zoddu,
Sənətkar Abdulla deyilən mənəm.
Aşıq Alı kamil bir sənətkar kimi özünün
yaratdığı mükəmməl və oxucunu düşündürən təcnisləri
ilə də tərəfimizdən tanınır. Onun istənilən janrda
yazdığı poeziya nümunələri insan ruhuna sığal
çəkəndir. Bu ruh digər şair və aşıqlarda olduğu kimi,
Usta Abdullada da müşahidə olunmaqdadır.
Aşıq Alı yazır:
Nazlı canan, nə şahanə gəzirsən,
Dolandın gülşəni nə gözəl-gözəl.
Bax şümşad əlinə, şəhla gözünə,
Qüdrət xəlq eyləyib nə gözəl-gözəl.
Usta Abdullada da bu xətti görmək mümkündür:
Səyyad olan seyrə çıxar səhraya,
Ya tərlan axtarar, ya dağı gəzər.
Eşqin atəşini salar canına,
Çəkər sinəsinə ya dağı gəzər.
16