Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/44

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Yaxşıya bəd demə, düz demə nəsə,
Çalış toxunmasın sözün heç kəsə.
Kökü yerdə olub günəş görməsə,
Hər bitən ağacda bar olmaz-olmaz.

Şirə döşürsən də sən ətək-ətək,
Arı bal toplamaz olmasa pətək.
Uca ağaclarda bar olmayantək,
Namussuz sifətdə ar olmaz-olmaz.

Elin şadlığında deyib-gülməsə,
Gəzib dağlarını düzə gəlməsə.
Sənətin qədrini duya bilməsə,
Könül aşinası tar olmaz-olmaz.

Sənətkar, sözün yaz, durma fəth eylə,
Gəzib yaylaqları sən gülə-gülə.
Fəqət bağlanmasan obaya, elə,
Bil, sözün dillərdə car olmaz-olmaz.

YETƏR

Bahar fəsli yaz ayları gələndə,
Açılarmı sənin kimi gül, Yetər?!
Ay qabağın, qələm qaşın, gül üzün,
Nə şirindi dəhanında dil, Yetər!

44