Bu səhifə korrektə edilib
Seyraqublar dost yoluna düzülər,
Ah çəkməkdən bağrım başı üzülər.
Bir muyu üzülsə, canım üzülər,
Elə sığal çəksin, şana bilməsin.
Abdullayam, necə dözüm fərağa,
De, təşrif buyursun, gəlsin otağa.
Cəllad qaşlarına canım sadağa,
Müjganları çatıb qana, bilməsin.
GÜLƏ-GÜLƏ
Zimistan zəhmətin çəkəndə sənin,
Yenə aşiq olub ağ gülə-gülə.
Dolanıb bağçanı, gəzirdi bağı,
Çəkib sinəsinə dağ gülə-gülə.
Gözəlin ləzzəti qaşı, gözdədi,
Atdı, xədənginin oxu bizdədi.
Demək olmaz gəlindədi, qızdadı,
Alıblar canımı bax gülə-gülə.
Qaşın cəllad, gözün mənnən yağıdı,
Qoynun içi səkkiz cənnət bağıdı,
Yazıq Sənətkarın məlul çağıdı,
Bilməyib yandırır sağ gülə-gülə.
54