Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/90

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

ALQAYIT XƏLİLOV

USTA ABDULLA

Sənət aləmində, aqil yanında,
Bir hünərvər idi Usta Abdulla.
Təsifdə, qeyrətdə, mərdanəlikdə,
Mətin əsgər idi Usta Abdulla.

Dünya sirlərindən halıydı, halı,
Şair Məmmədhüseyn, Ağ Aşıq, Alı.
Nələr yetirməmiş Göyçə mahalı,
Qiymətli zər idi Usta Abdulla.

Şair cərgəsində xoş nəfəsi var,
Qəlbi dara çəkən zəmanəsi var,
Dünya muzeyində nişanəsi var,
Belə dülgər idi Usta Abdulla.

Laylası, bəstəsi saya gəlməzdi,
Kənddən, kəndxudadan qorxu bilməzdi.
Yersiz danışmazdı, yersiz gülməzdi,
Sözdə zərgər idi Usta Abdulla.

Onu da məhv etdi, Alqayıt, zaman,
Gözündə ehtişam, qəlbində güman.
Tale qismətində həm Növrəs İman,
Həm Ələsgər idi – Usta Abdulla.

90