Səhnə xanım ilə deyişmə
Səhnə xanım ilə deyişmə Müəllif: Aşıq Məmmədcəfər |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Səhnə xanım:
Bizdən salam olsun, ay gələn aşıq,
Nə karəsən bu meydanə gəlibsən?
Məyər eşitmədin adü sanımı?
Ya dəlisən, ya divanə, gəlibsən!
Aşıq Məmmədcəfər:
Əleyküməssəlam, ey Səhnə xanım,
Dovtələbəm, bu meydanə gəlmişəm.
Gərək eşq yolunda qoyam sərimi,
Qəsd eləyib şirin canə, gəlmişəm!
Səhnə xanım:
Könül gəzər Sübahanı, Kaşanı,
Tanımaram xanı, bəyi, paşanı,
Səndə yoxdur aşıqlığın nişanı,
Duz satansan, sən karvanə gəlibsən!
Aşıq Məmmədcəfər:
Gözəl, gəl artırma dərdim, amandı,
Salıbsan boynuma sevda kəməndi,
Matahım duz deyil, yaqut-Yəməndi,
Sən xirdarsan, mən tüccarə gəlmişəm!
Səhnə xanım:
Kərəm kimi cismü canın alışır,
Eşqin atəşindən ciyərin pişir,
Karvan adamısan, güzarın düşür,
Aclığın var, bəlkə nanə gəlibsən!
Aşıq Məmmədcəfər:
Ərvahım ərvaha, urufum nəcib,
Pirim Şahi-Mərdan doyursun acı,
Bir dərdə düşmüşəm, yoxdur əlacı,
Sən təbibsən, mən dərmanə gəlmişəm!
Səhnə xanım:
Dürüst danış, dürüst söylə sözünü,
Pərvanə tək oda salma özünü,
Yəqin bil, oydurram iki gözünü,
Qəza tutub, bu meydanə gəlibsən!
Aşıq Məmmədcəfər:
Əslim Kəlfirlidir, yerim Naxçıvan,
Bir ərzim var Mehdi xanə, gəlmişəm.
Zəlxa vurub məni, salıb dərbədər,
Yusif deyər o zindanə gəlmişəm!
Səhnə xanım:
Səhnə deyər yandı mənim iqbalım,
Əzəl ibtidadan bəd vurdu falım,
Gələn aşıq, səndən bir xəbər alım,
Haçan dini-müsəlmanə gəlibsən?!
Aşıq Məmmədcəfər:
Cəfərə əmr oldu ərşi-əladən,
Zərreyi-xurşiddə keçdik vəladən,
«Ələsti-rəbbi-küm» qalu bəladən,
Şükür, dini-müsəlmanə gəlmişəm!