Məzmuna keç

Sərasər bir yerə yığılsa xublar

Vikimənbə saytından
Sərasər bir yerə yığılsa xublar
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 35. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.
Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.

Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.
Uzun kirpiyin tək ox görməmişəm,
Qaşların tərzində yay ola bilməz.

Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub,
Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.

Qəddin şahbaz, ağ bədənin səmən tək.
Yanağın lalədən ziyada göyçək.
Ustad səni çəkib manəndi-mələk,
Bundan artıq həqqü say ola bilməz.

Vaqifəm, mən sənə heyran olmuşam,
Qaşların yayına qurban olmuşam,
Dərdindən didəsi giryan olmuşam,
Qanlı yaşım kimi çay ola bilməz