Sərbəst insanlar ölkəsində/Kinoda gorüb eşitdiklərim
←İnsanlar qorxaq doğulmazlar | Sərbəst insanlar ölkəsində. Kinoda gorüb eşitdiklərim Müəllif: Əhməd bəy Ağaoğlu |
Azadlıq və xarakter→ |
O axşam yeyəndən və azadlıq nəğməsini oxuyandan sonra qonaqlarla aşağı düşdük. Burada bütün bina boyunca uzanan bir salon vardı; həm teatr, həm kino, həm də konfrans yeri idi. Bu gecə kino və konfrans vardı.
Kinoda sərbəst şəhərin tarixinə və bugünkü həyatına aid bir neçə film göstərildi. Tarixi filmlər azadlıq mübarizələrindən bəhs edirdi. Filmlərdən birində istibdad ordusunun şəhərə hücumu göstərilirdi: Şəhər başdan-başa odalov içindədir. Kişili-qadınlı bütün əhali alovlar arasında qaçaraq, şəhərin divarlarını yarmaq istəyən istibdad əsgərlərinə hücum çəkir. Ancaq şəhər alınır və sakinlər qətlə yetirilir...
İkinci filmdə şəhərə hakim olan müstəbidin zülm və işgəncələrindən söz açılır. Azadlıq tərəfdarları bircə-bircə tutularaq hökmdarın hüzuruna gətirilir. Qısa bir sorğu-sualdan sonra başları kəsilib küçəyə atılır...
Ü çüncü filmdə illər ötəndən sonra inqilabçı bir qrupun qaranlıq bir yerdə toplanması göstərilir. İnqilabçılar qiyam qaldırmağa qərar verərək, hökmdarın sarayını hər yandan mühasirəyə alırlar. Keşikçi əsgərlər təslim olurlar.
Qorxusundan tir-tir titrəyən hökmdar və onun xanımı diz çöküb mərhəmət diləyirlər...
Bugünkü həyata aid filmlərdə isə köhnə xarabalar üzərində qurulmuş möhtərəm bir mədəniyyətin əsərləri, məhsul buraxan fabriklərin işi, elm və texnika saraylarında ağsaç alimlərin araşdırmaları, tamaşaçılarla dolu teatr və operalar, xəstəxanalar, universitet, akademiya, kitabxana binaları və sair göstərilirdi.
Kinodan sonra konfransın növbəsi çatdı. Səhnəyə ortaboy, uzunsaç bir adam çıxdı. Sən demə, şəhərin önəmli insanlarından və məşhur natiqlərindən sayılırmış. O, - "Sizə bu gün xarakterlə azadlıq arasındakı əlaqədən bəhs edəcəyəm" - deyə sözə başladı və öncə "xarakter" anlayışını başa saldı: "Xarakter fərdin göstərdiyi təmkin və dözümdür. Xarakter həm xeyir, həm şər qaynağı ola bilər. Xeyir qaynağı ola bilməsi üçün fərdi xarakter mütləq fədakar olmalıdır" - söyləyərək sözünə belə davam etdi:
- Fədakarlıq, yəni şəxsi çıxarlarını özü kimi başqa insanlara qurban vermək bacarığı insanı təbiət üzərində ucaldan bir keyfiyyətdir. Düzdür, bu keyfiyyət yalnız insanlara məxsus deyil, birlikdə yaşayan heyvanlarda da bu sifət gözə dəyir.Amma məhz başqası üçün özünü fəda etmək keyfiyyətinə təkcə insanlarda rast gəlinir. Bu dəyərli özəllik insanı üstün bir varlığa çevirib. Məhz bu özəlliyin inkişafı fərd və cəmiyyətlər arasındakı fərqləri ölçməyə imkan verir! Ayrıca bir fərd və ayrıca bir cəmiyyət yüksəldikcə, həmin özəllik də artır. Və tərsinə, fərdlər və cəmiyyətlər alçaldıqca, fədakarlıq da azalır.
Natiq fikrini tarixdən götürülən misallarla möhkəmləndirib sözünə davam etdi:
- Bu səbəbdən xeyrə doğru gedən xarakterin inkişafı ictimai bir ehtiyacdır. Gələcəyini düşünən cəmiyyət öz üzvləri arasında fədakarlığın yayılıb qüvvətlənməsinə çalışmağa borcludur. O yerdə ki insanlar hamının xeyiri üçün özlərini qurban verməyə hazırdırlar, həmin yerdə həm fərdlərin, həm də cəmiyyətin xoşbəxtliyi təmin edilib. Ancaq insanları mühitə qarşı biganə və vecsiz olan yerlərdə, istər fərdlər, istərsə cəmiyyət aciz və ümidsizdir.
Natiq bu fikrini də tarixdən gətirdiyi misallarla açıqlayıb, sonra cəmiyyət üzvlərinə fədakarlığın hansı yollarla inkişaf etdirildiyini anladaraq dedi:
- Məktəbdə müəllimlər, ailədə ata-analar, ədəbiyyatda ədiblər, şair və mütəfəkkirlər mənfəətbazlıq kimi ruhi çatışmazlığa qarşı güclü mübarizə aparmağa borcludurlar. Bu baxımdan müəllim və yazıçıların rolu daha böyükdür.
Müəllimlər uşaqlarda gözə çarpan özünəvurğunluq meyllərinin dərhal qarşısını almalı, bu meyllərin iyrənc olduğunu şagirdlərə anlatmalı, yeri gələndə cəza verməkdən çəkinməməlidirlər. Yazıçılar isə öz əsərlərində fədakarlığı alqışlamalı, fədakar qəhrəmanları örnək göstərməlidirlər. Bir teatr səhnəsində fədakar bir qəhrəmanın haqq və cəmiyyət yolunda özünü fəda etməsinin ruhumuzda necə dərin təsir buraxdığını yəqin hər kəs müşahidə edib. Müəllim və
yazıçıların beləcə aşıladıqları fədakarlıq qabiliyyətini cəmiyyət həyatda gerçəkləşdirib daha da qüvvətləndirməlidir.
Özünəvurğunluğa qarşı nifrət aşılamaq, onun iyrənc bir keyfiyyət olduğunu göstərmək, fədakarlığı isə istədib bəyəndirmək, yaymaq ağlı başında olan cəmiyyətin ən önəmli vəzifəsidir. Fədakarlıqla özünəvurğunluq arasında fərq görməyən bir cəmiyyət, özünə qarşı da biganə və vecsiz qalır. Aydın məsələdir ki, belə cəmiyyət xoşbəxt ola bilməz
!