SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə göndərilmiş məxfi qrifli məktub

Vikimənbə saytından
SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə göndərilmiş məxfi qrifli məktub
Müəllif: V.Dekanozov
Portal:SSRİ

Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması haqqında SSRİ XKS-nin 21 noyabr 1945-ci il qərarı ilə bağlı olaraq, SSRİ-nin Səfirlik, Nümayəndəlik və Konsulluqlarından ermənilərin vətənə köçürülməsi üzrə praktiki tədbirlərlə bağlı sorğular daxil olur.
Məlumunuz olsun ki, Ermənistan SSR hökuməti bu il Bolqarıstan, Rumıniya, Yunanıstan, Suriya, Livan və qismən də İrandan ermənilərin ilk dəstəsinin köçürülməsini nəzərdə tutub. Erməni koloniyalarının mövcud olduğu başqa ölkələrdən -xüsusən də ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan bu il ermənilərin kütləvi şəkildə köçürülməsi nəzərdə tutulmur. Bu ölkələrdən yalnız, Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsinin xüsusi olaraq müyyənləşdirdiyi ayrı-ayrı şəxslərin və ya qrupların köçürülməsindən söhbət gedə bilər. Bütün bunları nəzərə alaraq, bizim ABŞ, Fransa, Misir, Türkiyə və İraqdakı Səfirlik, Nümayəndəlik və Konsulluqların diqqəti ermənilərin köçürülməsi məsələsində aşağıdakılara yönəldilməlidir:
a) Sovet Ermənistanına köçmək istəyən ermənilərin siyahısının tərtibi üzrə hazırlıq işləri görülməlidir. Bu işlərin görülməsində yerli mütərəqqi erməni təşkilatlarının köməyindən istifadə etmək məqsədəuyğun olardı.
b)Ermənilərin birinci növbədə köçürülməyə daha çox ehtiyacı olan kontingentini müəyyən etmək lazımdır.
v) mütərəqqi erməni təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin xaricdə yaşayan ermənilərin vətənə köçürülməsinə yardım fondlarına vəsait toplanması təşəbbüsünə dəstək vermək lazımdır.
Bu məsələlərlə bağlı Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsi xaricdə yaşayan ermənilərin mütərəqqi fikirli təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin rəhbərlərinə məktubla müraciət edib. Siz bu təşkilatlara onların fəaliyyətində lazımi dəstəyi göstərməlisiniz.

İmza:Xarici İşlər Xalq Komissarının müavini V.Dekanozov