Salam

Vikimənbə saytından
Salam
Müəllif: Cəfər Cabbarlı

Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Səbah yeli Altun dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.

Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən,
Od yurdunun yavruları dilindən,
Turan ellərinə salam söyləyin.

Baykalda görsəniz ördək izləri,
Unutmayın tapşırdığım sözləri.
And verirəm, durnalarım, sizləri,
Turan ellərinə salam söyləyin.

Intizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.

Yildizlı bir göy tac üstə ay parə,
Bir al yaylıq verim yetirin yarə,
Durnalar, durnalar, bizdən dübarə
Turan ellərinə salam söyləyin.