Məzmuna keç

Sevməsəydim səni mən

Vikimənbə saytından
Sevməsəydim səni mən
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

İnanmadın sözümə,
Bir gülmədin üzümə.
İllər məni ucaltdı,
İllər məni qocaltdı.
Deyirəm öz-özümə:
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!

Bağda çiçək dərəndə,
Dosta töhfə verəndə;
Hey düşürsən yadıma,
Yanıram öz oduma!
Bir gözəl gül görəndə,
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!

Yaylağa çıxanda da,
Dost əli sıxanda da;
Yollar çənə bürünür,
Dağdan duman sürünür!
Bir qıza baxanda da,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!

Quşlar qanad çalanda,
Çölə haray salanda;
Yenə səni anıram,
Andıqca da yanıram?
Könlüm ilham alanda,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!

Gəzib çölü, çəməni.
Ən gözəl bir nəğməni,
Durub dinləyəndə mən
Yadıma düşürsən sən.
Rahat qoymursan məni!
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!

Hər gün söküləndə dan,
Oğrun-oğrun uzaqdan
Gözlərimə baxırsan,
Ürəyimə axırsan!
Hər şeir yazan zaman:
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən!
Sevməsəydim səni mən?!