Sirlər xəzinəsi/On altıncı söhbət
←On beşinci söhbət | On altıncı söhbət Müəllif: Nizami Gəncəvi |
On yeddinci söhbət→ |
ZİRƏKLİK
[redaktə]Bir nəsimin gücüylə, ərzi bəzər bayrağın,
Basılanda özüntək yerdə gəzər bayrağın.
Kəndin var ki, "Kəndxuda mənəm kəndə" deyirsən?
Mülkün var ki, "Süleyman taxtı məndə" deyirsən?
Sən ki, qılınc deyilsən, qırhaqırın bəs nədir?
Sən ki, təbil deyilsən, gurhagurun bəs nədir?
Qılınc dilin od saçsın odlu ilham-təb ilə,
Bənzə köksü şadlıqdan enib-qalxan təbilə.
Doğru yoldan azaraq şiltək enmə iblisə.
Ölü deyil, canlısan, sürüklənmə iblisə.
Atəşpərəst önündə xaça dönmək yaraşmaz,
Xətib kimi qılıncla öyünməkdən kar aşmaz.
Şaha xütbə oxumaq natiqlərə nəsibdir,
Adəm İsa xətrinə asqırığı kəsibdir.
Eşq oduna hansı kəs pərvanətək yanandır,
Varlığını əridən oda o, tək yanandır.
Hər anını sevinclə kef-damaqla yaşa sən,
At əbanı, vur ömrü halallıqla başa sən.
Aldıqların sələm ki, vardır tamah yolunda,
Qəsəm olsun allaha, deyil allah yolunda.
Şir ol, mətbəx məstanı şiri çətin teyləyər,
Olsan balıq qursağı məhşər odu neyləyər?
Olsan saxta qızıltək külçəni od yandırar,
Olsan yaqut, saf qızıl, heç səni od yandırar?
Saxtalığın bəllidir, təkəbbürü at daha,
Neçə ovuc sümüksən, az təşəxxüs sat daha.
Bizdən əzəl dünyaya gəlib-gedib çoxları,
Çatmaq üçün mənsəbə nələr edib çoxları,
Söylə, hanı, qalırmı bu dünyada şöhrəti?
Ucalsa da alçalıb, gedib bada şöhrəti.
Bir zərrəsən, göylərə ucalası olsan da,
Göydən Günəş, Ay kimi öc alası olsan da,
Sanma enən deyilsən, bir hakimsən göyə sən,
Enməlisən torpağa Yer oğlusan deyə sən.
Öz başını əlinlə saçın kimi kəsmisən,
Məhəccərli dərgahın qapısını kəsmə sən.
Quş deyilsən, qanadsız, bil, uçmağın çətindir,
Can verməsən, vüsala qovuşmağın çətindir,
Heyran qalsın hünərin öz ərinə bu fələk,
Təslim olsun gücünə, hünərinə bu fələk.
Zəhərləyib mey səni, ağı sənə, neyləyib?
Günahkarsan, günahsız yağı sənə neyləyib?
Comərdsənsə, deməzsən: çox xəbisdir bu dünya.
Biz özümüz pisiksə, sanma pisdir bu dünya.
Heyrətdəyik aramsız gərdişinə aləmin,
İnsan istər yarasın hər işinə aləmin.
Günahkarıq hamımız, demə, hanı günahkar?
Eyləməyək nahaqdan bu dünyanı günahkar.
Cilasıyla tanıyar mahir sərraf incini,
Sultan ancaq bəyənər cilalı, saf incini.
Hansı yerində daşı tapılmazdır dünyanın?
Sinəsində ləl olan daşı, azdır dünyanın.
Yasəmən də, tikan da çölə, düzə sancılar,
Biri gözə məlhəmdir, biri gözə sancılar.
Sanma çayın suyuyla açar çətri güllərin?
Könülləri susuz da oxşar ətri güllərin.
Su - bəxş edib səhraya, göy çəmənə tikanı,
Su döndərə bilərmi yasəmənə tikanı?!
Belə qurub əzəldən gərdişini kainat.
Yoxsa, çoxdan pozardı vərdişini kainat.
Taleyin əlindədir hər adəti aləmin,
Kimə nəsib olubdur səadəti aləmin?!
Bədbəxtlikdən zəlildir comərd əri cahanın,
Bəxtiyarlar olublar bəxtəvəri cahanın.
Kim ki, baxtı əzizlər yatmaz baxtı, iqbalı,
Baxtın qulu olanın atmaz baxtı, iqbalı,
Bəxtiyarlıq mülkünü məslək əri alıbdır,
Zirəkliyi, mərdliyi, alın təri alıbdır.
Xoşbəxtlərin başına canla, başla dolan sən,
Dolanmadan dünyanı naz-nemətlə dolan sən.
Bədbaxtlarla xoş keçməz xoşbaxtların xoş vaxtı,
Ad qazanıb, ol eldə xoşbaxtların xoşbaxtı.
Bağlayaraq fələyin Cövzasına baxtını,
Qoz sındırıb, cevizdə, qozda sına baxtını.
Həlimliklə üzünə qapı açar taleyin,
Yeddi göyün qəsrinə olar açar taleyin.
Su saflığıyla canda odu külə döndərər,
Öz düyünü atəşdə udu külə döndərər.
Bağlan könül dünyana, atma elə dünyanı.
Can qoyaraq bu yolda, gətir ələ dünyanı.
Yad mülkünü soymağın, talamağın bəs deyil
Hərislikdən oda can qalamağın bəs deyil?
Tutaq, tutdun gücünlə neçə aya cahanı,
Aparmağın mümkünmü, o dünyaya cahanı?
Yanar məhşər kürəsi, burar tamah boynunu,
Qənaətin qılıncı vurar tamah boynunu.
Göy qübbənin altında - Yerdə yerin var sənin?
Varlığına gensə də, düşüncənə dar sənin.
Ya düşünmə, talayıb soyduqca soy aləmi,
Ya düşünüb heyrətdə qoyduqca qoy aləmi.
İnsan adı daşıyan hanı, varmı dünyada?
Bircə könül həmdəmi tapılarmı dünyada?
Doqquz katib yazıbdır iki hünər dastanı,
Şərlə başlar, şərlə də qurtarar hər dastanı.
Bu fələyin oxundan, söylə, sapmaq olarmı?
Əjdahanın ağzından həyat tapmaq olarmı?
Fələk açsa başına nə pəstaha, yaxşıdır,
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır.
AĞILLI UŞAĞIN HEKAYƏTİ
[redaktə]Qayğı bilməz bir uşaq bir gün başda tay-tuşu,
Çıxdı evdən yanında özü yaşda tay-tuşu.
Düşər-düşməz getdiyi yola izi oğlanın,
Qaçan zaman burxuldu birdən dizi oğlanın.
Ayağından bir yolluq əli sanki üzüldü,
Ödü-bağrı yarıldı, beli sanki üzüldü.
Tay-tuşları bu haldan gör nə hala düşdülər,
Müsibətə, bəlaya, qalmaqala düşdülər.
Yaxın dostu dedi ki: "Necə ataq biz onu?
Ataq dərin quyuya səssiz-səmirsiz onu.
Özümüzü gündüztək oda yaxa bilərik,
Atasının üzünə necə baxa bilərik?"
Ağıllıydı, hər şeyi düşünəndi birisi,
Baxmayaraq onunla bir düşməndi birisi,
Düşündü ki, qalsa da indi naçar uşaqlar
Vaxt gələr ki, bu sirri bir gün açar uşaqlar.
Qənimiyəm, bilirlər, məni qana salarlar,
Günah qalar üstümdə, şər-böhtana salarlar."
Xəbər verdi əlüstü atasına uşağın,
Əncam çəkdi atası xatasına uşağın.
Öz ağlının gözüylə, baxan kimdir aləmə,
Ən qüdrətli, yenilməz bir hakimdir aləmə.
Kim olubdur sirrinə bir aşina fələyin,
Ayağını qoyubdur düz başına fələyin.
Bilir göyün sirrini azdan, çoxdan Nizami,
Ərş evinə yüksəlib odur çoxdan Nizami.