Sirlər xəzinəsi/Onuncu söhbət

Vikimənbə saytından
Doqquzuncu söhbət Onuncu söhbət
Müəllif: Nizami Gəncəvi
On birinci söhbət


DÜNYANIN AXIRI[redaktə]

Ey fələk! Dolanmağın yetməzmi, yavaşı sən.
Ey yer! Qurtar bu zülmü, bu cövrü, savaşı sən.
Hər gecənin gündüzə dönməyi var əzəldən,
Ucalmağın, bəllidir, enməyi var əzəldən.
Zəlzələnin dəhşəti ərzə qorxu salanda,
Yerin dərin qatına lərzə, qorxu salanda,
Sərsəmlikdən torpağın coşar kini qəzəbdən,
Parçalayar fələyin zəncirini qəzəbdən
Sərsəri yel bağrını didib, sökər torpağın,
Zəncirini əliylə qırıb tökər torpağın.
Yer kimləsə çəkişib, hoqqa açan olacaq,
Bu fələyin belindən toqqa açan olacaq.
Axşam-səhər müşk-ənbər səpməyəcək o zaman,
Göy - çövkanı, yer - topu öpməyəcək o zaman.
Qapısını yer döyər, taqqıldadar fələyin,
Kin dişini pusquda şaqqıldadar fələyin.
Bənd-bərəni dağıdar qəzasıyla asiman,
Parçalayar torpağı cəzasıyla asiman.
Qoca Zühəl hirslənib dərhal enər yer üstə.
Sapdan qopan gil muncuq səpələnər yer üstə.
Fələk enər aşağı qəzaları yararaq,
Torpaq qalxar yuxarı fəzaları yararaq.
Dərdimizi çəkməkdən yerlə göy can qurtarar,
Yerin, göyün yolları tozumuzdan qurtarar.
Göy kişnəməz ahından, naləsindən insanın,
Yer qurtarar canını hiyləsindən insanın.
Neçin göylə ulduzlar hey utansın həsəddən?
Bircə ovuc torpağa baxıb yansın həsəddən?
Bir zəhərli gürzətək qıvrılandır bu fələk.
Torpaq yeyib yaşayan bir ilandır bu fələk.
Ey torpağın bağrını qan eləyən insanlar!
Bu torpaqda varlığı kül ələyən insanlar!
Qəm küpündə bu torpaq neçin qalan olubdur?
Bu küp matəm rəngini nədən alan olubdur?
İmkan yoxsa fənd ilə tez qırmağa bu küpü,
Gil varlığa can verib, sındırmağa bu küpü.
Çəkin, bu hisli küpdən çəkin ətəyinizi,
Yeddi dərya suyuna çəkin ətəyinizi.
Ulduzlartək qəmlənib yas paltarı geyin siz,
Viran qalan dünyaya yas qurmuşuq" deyin siz.
Kürrəmizin başına dolansa da bu fələk,
Bircə anda verəcək onu bada bu fələk.
O, qərəzsiz nur səpmir dağ-daşına torpağın,
Bir gün oyun açacaq küt başına torpağın.
Baş əsməyə başlasa, şəksizdir, o qopacaq,
Rahat deyil, bu gün də əsir, titrəyir torpaq.
Müşkə bənzər bu sədəf düşmənindir, bil daha,
Gözü dolu incidir, qəlbi dolu əjdaha.
Sanma dərya incisi axıb dolan sədəfdir,
İnciləri gözlərə işıq olan sədəfdir.
Ona baxan gözlərə qatı zülmət çökübdür,
Zümrüd görən ilantək bəbəyini tökübdür.
Nəzərində, gözündə işıq hanı, görməz o,
Şölə saçan min gözlə bu cahanı görməz o.
Əbədiyyət yolunu seçməmisən hələ də,
Öz gözünlə sən ondan keçməmisən hələ də
Öz ayağın yetirməz son mənzilə gec səni,
Özgə ayaq mənzilə yetirərmi heç səni?
Göylərə ucalsa da zərlə zora Bəhram Gur,
Gur dalınca gedəndə, girdi gora Bəhram Gur.
Əcəl gəlsə, üzünə qapı açan tapılar,
Zənn etmə ki, məzardan çıxıb qaçan tapılar.
Məhbəsdəki məhbussan, dəhşət nəyə gərəkdir?
Bağla qapı-bacanı, vəhşət nəyə gərəkdir?
Fələk zəhər qatmayıb, söylə, kimin aşına?
Boş qoyduğu dünyanın külü olsun başına.
Sanma verməz fələkdə aman yolu - kəhkəşan,
Dəyməz bircə arpaya saman yolu - kəhkəşan,
Havalanıb fələkdən uçmalısan, uçmalı,
Sanma ki, dar dünyanı qucmalısan, qucmalı
İncəlikdə əzəldən bir sapdımı xəyalın?
Tüktək incə sirlərə yol tapdımı xəyalın?
Düşün, keçə bilərmi gen düşüncə dar yoldan,
Keçməlisən inamla tükdən incə, dar yoldan.
Bir tükcədir varlığın, tük ki, deyil dəmirdən,
Yapışsa da xəmirə, qopmalıdır xəmirdən.
Fənalığın mülkünü atmalısan, atmalı,
Əbədiyyət mülkünə çatmalısan, çatmalı.
Qalan deyil dünyada gil təpəsi varlığın,
Toza dönüb aləmə kül səpəsi varlığın.
Alıb əldən hər tacı, hər nəməri bu dünya,
Açıb belə vurduğu hər kəməri bu dünya.
Hər ərənə güldürüb yağısını bu həyat,
Hər şərbətə qatıbdır ağısını bu həyat.
Günəş - soyuq fələyin qucağının odudur,
Cəhənnəmin kükrəyən ocağının odudur.
Varlığıyla göylərin çırağına dönər Ay,
Yağ almasa günəşdən, öz-özünə sönər Ay.
Xəzana da can verən bir məlhəmdir buludlar,
Sinəsində fələyin bir bəlğəmdir buludlar.
Hər canlıya həyatdır coşan dəmi suların.
Azmı batıb qoynunda üzən gəmi suların?
Başdan aşan eybindən həzər, həzər dünyanın,
Bəs eybinə salmırsan neçin nəzər dünyanın?
Öz eybinə göz yumub, sanma görər eybini,
Ayna kimi hər kəsin tez göstərər eybini.
Eyib açıb, açılma sən həvəsdən aynatək,
Ləkələrsən özünü bir nəfəsdən aynatək.
Qəlbin - hünər aynası bacar canı parçala,
Ya eybini göstərən o aynanı parçala.
Özgəsinin eybinə gözlərini açma sən,
Öz-özünü görəndə öz eybindən qaçma sən.
Eybi kimi hüsnü də var dünyada hər şeyin.
Hüsnünü gör, eybini salma yada hər şeyin.
Çırağını mümkünmü quca gecə gündüzün?
Qəfəsindən qarğatək uça gecə gündüzün?
Zər qanadı, görkəmi bir tamaşa tavusun,
Ayağının eybini qaxma başa tavusun.
Qapqaradır görkəmi, özünə bax qarğanın,
Ağappaqdır gözləri, gözünə bax qarğanın.

İSANIN HEKAYƏTİ[redaktə]

İz qoyaraq dünyanın torpağında, daşında,
İsa ayaq saxladı bir bazarın başında.
Qurda bənzər köpəyi düşən gördü yol üstə,
Can Yusifi çıxmışdı dar quyudan dol üstə.
Baxdıqca iyrənirlər hopub qoxu leşinə,
Leş hərisi quzğuntək baxır çoxu leşinə,
Biri deyir: "İy basır künc-bucağı bir anda,
Üfünəti qaraldar gur çırağı bir anda"
Biri deyir: "Törətməz nələr, nələr bu qoxu,
Görən gözü kor qoyar, qəlbi dələr bu qoxu".
Calayaraq sözbazlar biri beşin üstünə,
Qarğış, lənət yağdırdı murdar leşin üstünə.
Baxıb hikmət gözüylə vaz keçərək eyibdən,
İsa necə söz açdı indi görək eyibdən:
"Bu fələyin hökmündən hansı varlıq zay deyil?
Parlaq inci bu itin ağ dişinə tay deyil".
Bu sözlərə üzləri oldu hədəf onların,
Dişlərini ağartdı yanmış sədəf onların.
Yad eybinə dikmə sən hər baxanda gözünü,
Gör açanda, yumanda öz yaxanda gözünü.
Ələ güzgü almazsan - bəyənməsən özünü,
Öz-özünə vurulub bəyənmə sən özünü.
Neyləyirsən zinəti, təravəti bahartək,
Soldurmasın ruzgarın hər afəti bahartək.
İncə sapla tikilib ar libasın əzəldən.
Bürün doqquz pərdəyə, - var libasın əzəldən.
Bir üzük halqasıtək bu dünya dar deyilmi?
Başın keçsə halqaya adına ar deyilmi?
Köpək kimi, Sürəyya xaltası salan olma
İsanın yükü altda eşşəktək qalan olma.
Fələk kaftar qarıdır vəfasına gəl uyma,
Dünya bağdır - xəzanlı, səfasına gəl uyma.
Hər cəfası bəllidir çox əzəldən dünyanın,
Bir arpacan dəyəri yox əzəldən dünyanın.
Çəkmə dünya qəmini, oyan, ağa, qəflətdən,
Səslər səni Nizami oyanmağa qəflətdən.