Sirlər xəzinəsi/Yeddinci söhbət
←Altıncı söhbət | Yeddinci söhbət Müəllif: Nizami Gəncəvi |
Səkkizinci söhbət→ |
İNSANIN ÜLVİYYƏTİ
[redaktə]Sən, ey yerdə fələyi heyrətdə qoyan insan,
Yer də, göy də nazınla daim oynayan insan.
Ülviyyət aləmindən xəbərdarsan deyə sən,
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən.
Qüdrətin pərvərişi dayən olub əzəldən,
Süd deyil, şəkər yemək qayən olub əzəldən,
Hədsiz nəcibliyinlə əşrəfisən dünyanın,
Əzəldən xeyirxahlıq bütüsən gen dünyanın.
Ecazkardır qüdrətin ucu iti qələmi,
Yaradıb-sənin kimi gözəl bütü qələmi,
Can damarı bağlayıb ciyərinin telinə,
Can gövhəri parlayan kəmər vurub belinə.
Aləmdir incəliyin, dünya sənin heyranın.
Çatmaz arıq ahuya əsla kökü ceyranın.
Yer üzündə vəhşilər ramdır zoruna sənin,
Quş kimi yemləyirsən, düşüb toruna sənin.
Dövlət quşu humaysan, qayən səadət olsun.
Az yemək, az danışmaq, nəciblik adət olsun.
İşığı, qaranlığı, xeyri, şəri aləmin,
Bil ki, əbəs deyildir, ey bəşəri aləmin!
Uğursuz adlansa da əfsanələrdə bayquş,
Xəzinə bülbülüdür viranələrdə bayquş
Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canlının şirindir canı ona əzəldən.
Üstünlükdə varlığın birincidir dünyada.
Hər canlı da sənintək bir incidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur deyə can alma.
Dünyanın xeyri, şəri səni güdür həmişə,
Əməlini göstərən bir güzgüdür həmişə.
Başmağını cütləsən o, başına tac qoyar,
Pərdə yırtsan, ay kimi pərdəyə möhtac qoyar.
Səhərtək pərdə yırtma, - qanlar udan olasan.
Gecə kimi hər sirrə pərdə tutan olasan.
Arının pərdəsidir qızılgülün ətəyi,
Hər sirrinin pərdəsi - arıların pətəyi.
Dünya-üstə cumduğun bal daman şandı sənə,
Hörümçəyin toruna düşməyin şandı sənə?
Əl vardır ki, əl qoyan yox əlinin üstünə,
Pərdə çəkər sirrinin, əməlinin üstünə
Can atırsan açasan bu pərdənin sirrini,
Yırtdığın pərdə açar, bil ki sənin sirrini.
Pərdəsiz bir könülü alqışlama heç zaman,
Pərdəsiz bir havanı sən xoşlama heç zaman.
Möcüzəni göstərən bu sehirli pərdədə
Ağlını heyran qoyur hər bir sirli pərdə də.
Bu pərdədən savayı, gəl, heç hava çalma sən,
Bu pərdədən kənarda xaric hava çalma sən.
Hər xalından, gəl, şadlan bu əsrarlı pərdənin.
Ahəngiylə qanadlan bu əsrarlı pərdənin.
Ruhunun aynasından qoy pak olsun varlığın,
Qırx günün zillətindən gülsün bəxtiyarlığın.
İnsan oğlu qazanar zindanda da şan-şərəf,
Köləlik zəncirini zillətsiz atmaq olmaz.
İztirabsız, əzabsız şərfə çatmaq olmaz.
Təbiət gümüşünü əridərək əzabla,
Qızıla döndərəsən onu gərək əzabla,
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan,
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan.
Hünərin bədöy atı ram olar inadına,
Sədaqət sikkəsini vurdurarsan adına.
Vərdişinlə, ağlınla sən gözüsən dünyanın,
Dəmirçisi, əttarı sən özünsən dünyanın:
Üzünün dərisini oddan qopan görərsən,
Nəfəsinə ənbərdən ətir hopan görərsən.
Varlığın yuvasından uçmalısan, uçmalı,
Ülviyyət səmasını qucmalısan, qucmalı.
Hər ömrün öz köçü var, karvanı var əzəldən,
Səadət karvanının sarvanı var əzəldən.
Dünyaya baş əyməyən tacidardır cahanda,
Peyğəmbərlik qüdrəti ona yardır cahanda.
Tamahını öldür ki, möhlət səni gözləyir,
Gey başmağı, düş yola, cənnət səni gözləyir.
Öz nəfsini mələdən, ləlidən oğul ol sən,
İblisə qul olunca, məsləkinə qul ol sən.
Can at ki, sığınasan dərgahına məsləkin,
Məhşər odu qıyarmı günahına məsləkin?!
Cəhənnəmin atəşi yaxarmı suçsuz kəsi?
Əmisini qorudu peyğəmbərin nəfəsi.
Tanrı salmaz nəzərdən pak ruhları, canları,
Zireh kimi qoruyar qəlbi saf insanları.
FİRİDUNLA CEYRANIN HEKAYƏTİ
[redaktə]İki-üç dostu ilə səhər çağı Firidun,
Seyrə çıxıb dolaşdı gen ovlağı Firidun.
Ovlağa çatan kimi ov gəzdi gözü şahın,
Vuracağı ceyrana vuruldu özü şahın.
Ürkək gözü, sağrısı qıyma deyir ovçuya,
Şuxluğu qansızlığa uyma deyir ovçuya.
Duyuq düşdü qəsdindən ona tor quran kəsin,
Nəzərindən yayındı-qəsdinə duran kəsin.
İşvəsiylə, nazıyla dağ çəkdi ceyran şaha,
Dostları məftun görüb, qaldılar heyran şaha
Köhləni şığıdıqca hirsi səmuma döndü,
Ahunun qarnı kimi kamanı muma döndü.
Süzən ox izinə də batammadı ceyranın,
Uçan at tozuna da çatammadı ceyranın.
Oxunu qınadı ki: can almağın nə oldu?
Atını qınadı ki: yan almağın nə oldu?
Əzəlki uçuşunuz, sürətiniz yoxdumu?
Ot yeyən bir ahuca cürətiniz yoxdumu?
Ox dedi: "Yağın deyil bu bağrı qanlı sənin.
Gözlərini oxşayır bu dilsiz canlı sənin.
Bir canın zirehi ki öz sayəndə toxuna,
Mümkünmü o zirehə hər süzən ox toxuna?
Zövq əhli hər bir zaman hey zövq alsa yaxşıdır,
Təbilçinin təblini özü çalsa yaxşıdır.
Ülviyyət timsalıtək ucalmağa çalış sən,
Ülviyyət göylərindən öc almağa çalış sən.
Ülvi eşqə can atar əsil insan cahanda,
Bəşər ülvi eşqiylə qazanıb şan cahanda.
Uzaqgörən kəsləri zövqü səfa ucaldıb,
Eşqinə sadiqliyi, əhdə vəfa ucaldıb.
Sədaqət kəmərini öz belindən açma sən,
Əhdinə sadiqlikdən ömrün boyu qaçma sən.
İlan - qaşlı kəmərdir, gör ki, nədir qisməti,
Viranələr küncündə xəzinədir qisməti
Göyün tacı - günəşi, qəməridir əzəldən,
Qövsi-qüzeh - belinin kəməridir əzəldən.
Kim hünər köhlənini cilovlaya bilibdir,
Diləyin ovlağında ov ovlaya bilibdir.
Arının mumuyla ki yaşayır haçandı şam.
Qaranlığa tacından şölələr saçandı şam.
Sığışmazsan qaranlıq, dar zindana, Nizami!
Günəş kimi işıq saç bu cahana, Nizami!