Tövsiyyeyi-mürğ
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Tövsiyyeyi-mürğ Müəllif: Məhəmməd Hadi |
Xitab eylər bizə bir mürğ, der: insanlar, insanlar!
Nədir tutmuş cahanı naləvü əfğanlar, insanlar?!
Neçin gülzari-insaniyyəti eylərsiniz ehraq?
Nəyə lazım cahan bağında bu niranlar, insanlar?!
Yanan kim, yandıran kim, nar olan kim, kül olan kimdir?
Bütün ixvanınızdır sineyi-suzanlar, insanlar!
Silinmiş lövhi-dildən sanki ixvaniyyət asarı,
Görünməz hissi-şəfqət sizdə, ey ixvanlar, insanlar!
Atılmış guşeyi-nisyanə nəssi-"təhkümu bil'ədl"*,
Ədalətdən uzaqdır bu əbəs üdvanlar, insanlar!
Cahanı təngna eylərsiniz vicdanı-cahil tək,
Nüfuz etməz cahana pərtövi-ürfanlar, insanlar!
Yezidin dəsti tək qanla müləmmə’dir vətən ruyi,
Səzadır ağlasa qan, çeşmi-əşkəfşanlar, insanlar!
Cahanı titrədir ahü ənini qəlbi-məzlumun,
Sizə tə'sirsizmi aləmi-lərzanlar, insanlar?
Bu əlhanım nədəndir sizlərə bəxş etməyir tə'sir?
Təhəccür etdimi yoxsa dilü vicdanlar, insanlar?!
Könüllərdən olub nabud hər bir hissi-lahuti,
Əsərbəxşa deyildir kimsəyə əlhanlar, insanlar!
Nasıl razı olur səfki-dimayə hissi-ixvani?
Bu fe'lə qarşı lə'nətxandır heyvanlar, insanlar!
Sevərmi həzrəti-bari bu zülmi-xanimansuzi,
Fəramuş oldumu həqdən gələn fərmanlar, insanlar?!
Baxın çeşmi-həqiqətlə, cahaan bir qətlgah olmuş,
Cəhalət eydinə kəsməkdəsiz qurbanlar, insanlar!